Kartof sağlamlıq üçün dəyərli qida məhsulu sayılır və tərkibindəki zəngin qida maddələrinə görə yüksək qiymətləndirilir. Araşdırmalar göstərir ki, kartofun müntəzəm istehlakı sağlamlığın möhkəmlənməsinə və hətta uzunömürlülüyə töhfə verə bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, kartofu xüsusilə qabığı ilə yemək daha faydalıdır. Çünki vitamin və mineralların böyük hissəsi məhz qabıqda toplanır. Kartofun tərkibində xeyli miqdarda nişasta, C, A və B qrupu vitaminləri, qida lifləri, pantoten turşusu, həmçinin fosfor, kalsium, maqnezium və kalium kimi minerallar var.
Yerkökü, pomidor və ya Pekin kələmi ilə müqayisədə bu maddələrin miqdarı kartofda daha yüksəkdir. Ən vacib məqam odur ki, vitaminlərin əsas hissəsi qabıqda yerləşir. Qarsiyanın sözlərinə görə, qida maddələrinin təxminən 80 faizi məhz qabıqda cəmlənib. Buna görə də qabığı soyulmuş kartof qida baxımından daha az dəyərli sayılır.
Qabıqda solanin adlı zəhərli bir maddə mövcud olsa da, onun miqdarı orqanizmə zərər vermək üçün çox azdır. Zərərli təsir yalnız həddindən artıq miqdarda məsələn, bir neçə gün ərzində təxminən 15 kiloqram qabıqlı kartof yeyildikdə yarana bilər.
Kartof digər faydalı xüsusiyyətlərə də malikdir. Tərkibindəki lif sayəsində həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, kalium vasitəsilə ürək-damar sistemini dəstəkləyir və ölçülü istehlak zamanı qanda şəkər səviyyəsinin sabit qalmasına kömək edir.
Alimlər qeyd edirlər ki, sobada bişirilmiş və ya buğda hazırlanmış kartof qızardılmış kartofla müqayisədə daha çox vitamin və antioksidant saxlayır. Beləliklə, kartof sadəcə qarnir deyil, düzgün hazırlandıqda və qabığı ilə birlikdə yeyildikdə tam dəyərli qida mənbəyidir.
Maraq Kartof kartofun faydaları