Vaşinqton administrasiyası hesab edir ki, Vatikanın Qəzza zolağındakı vəziyyətin nizamlanması üzrə Sülh Şurasının işində iştirakdan imtinası təəssüf doğurur.
"Report"un məlumatına görə, Ağ Evin mətbuat katibi Kerolayn Livitt bunu jurnalistlər üçün ənənəvi brifinqində bildirib.
"Biz bunu gördük. Düşünürəm ki, bu, çox təəssüf doğurur", - o, Müqəddəs Taxt-Tacın qərarını şərh edərkən bildirib. "Əlbəttə, administrasiya Sülh Şurasına dəvət olunmuş hər kəsin iştirak etməsini istəyir", - Livitt əlavə edib.
"Bu, onlarla ölkəni əhatə edən qanuni təşkilatdır. Biz hesab edirik ki, bu qərar təəssüf doğurur", - o vurğulayıb. Livitt həmçinin bildirib ki, sülhün bərqərar olması və qorunması ilə bağlı məsələlər siyasiləşdirilməməlidir.
Müqəddəs Taxt-Tacın qərarı əvvəllər Vatikanın dövlət katibi kardinal Petro Parolin tərəfindən açıqlanıb . O, Sülh Şurası haqqında danışarkən qeyd edib ki, bəzi çaşdırıcı məqamlar, aydınlaşdırma tələb edən bir sıra vacib məsələlər var. Yanvar ayında Parolin Papa Leo XIV-ün ABŞ-nin Qəzzanı idarə etmək üçün Yaxın Şərq məsələsinin nizamlanması məqsədilə çağırdığı Sülh Şurasına dəvət olunduğunu açıqlayıb. O, məsələnin nəzərdən keçirildiyini bildirib.