Bu ilin yanvar ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (89,88 Mbps) görə dekabr ayına nisbətən 5 pillə irəliləyərək 152 ölkə arasında 81-ci olub.
"Report" "Speedtest Global Index"ə istinadən xəbər verir ki, ötən ay bir il əvvəlki göstərici (66,83 Mbps) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 34,5 % artıb.
Azərbaycan bu göstərici ilə Türkiyə (75,34 Mbps), İran (22,05 Mbps), Gürcüstan (44,55 Mbps), Ermənistan (81,21 Mbps), Qazaxıstan (87,17 Mbps), Qırğızıstanı (85,41 Mbps) və Tacikistanı (39,59 Mbps) geridə qoyub.
Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (416,10 Mbps), axırıncı yeri isə Kuba (3,85 Mbps) tutub.
Azərbaycan yanvarda mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 1 pillə irəliləyərək 92,63 Mbps sürətlə 103 ölkə arasında 52-ci olub.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (686,12 Mbps), sonuncu yeri isə Boliviya (15,84 Mbps) tutub.
Hesabat ayında Bakı şəhərinin sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən 1 pillə irəliləyərək 201 şəhər arasında 89,29 Mbps sürətlə 115-ci yerdə qərarlaşıb.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (437,14 Mbps) şəhəri başçılıq edib. Sonuncu pillədə Hələb (2,97 Mbps) qərarlaşıb.
Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 2 pillə geriləyərək 111,16 Mbps sürətlə 151 şəhər arasında 82-ci olub.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (810,62 Mbps), sonuncu yeri La Pas (Boliviya) (13,67 Mbps) tutub.