Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsinin ABŞ ilə atom enerjisi sahəsində əməkdaşlıq haqqında imzaladığı sazişin mahiyyəti Amerika texnologiyalarına çıxış əldə etmək və modul tipli reaktorlar barədə tam məlumat almaqdır.
"Report" Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.
"Vaşinqtonla belə bir saziş imzalamamış ölkələrin bu cür texnologiyalara çıxışı yoxdur. İrəvan imzalayıb ki, əldə edilmiş məlumat əsasında yekunda hansı stansiyaya sahib olacağını seçmək imkanı olsun", - o qeyd edib.
Baş nazirin sözlərinə görə, Ermənistan ilkin olaraq analoji texnologiyalar üçün Rusiyaya - atom sualtı qayıqlarında yerləşdirilən reaktorun uyğunlaşdırılmış variantı üçün müraciət edib.
"Biz rusiyalı tərəfdaşlarımızdan xahiş etdik ki, bu texnologiyaya çıxış imkanı əldə etmək üçün ekspert səfəri təşkil etsinlər, lakin o, quruda istifadə üçün nəzərdə tutulmayıb. Biz növbəti mərhələ üçün lazımi məlumatı almaq məqsədilə ABŞ ilə saziş imzaladıq", - Paşinyan deyib.