IMG-LOGO

Qorxulu yuxular görməyimizin SƏBƏBLƏRİ

13 Feb 2026 18:43 4 baxış
IMG
3 0

Qorxulu yuxular insan beyninin stresslə mübarizə mexanizminin bir hissəsi ola bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə nevroloq, psixoterapevt, somnoloq Yelena Korabelnikova açıqlama verib.

Mütəxəssisin sözlərinə görə, gecə kabusları güclü emosional gərginlik, stress və ya həddindən artıq yorğunluğa orqanizmin reaksiyasıdır. Yuxu zamanı emosional oyanıqlıq tam şəkildə yatırılmadıqda, beyin bu gərginliyi obrazlar və qorxulu süjetlər vasitəsilə “emal edir”.

Professor qeyd edib ki, kabusların yaranmasına səbəb olan digər amillər arasında yatmazdan əvvəl həddindən artıq yemək, səs-küy, işıq, yuxu gigiyenasının pozulması və mühit dəyişikliyi də var. Bu faktorlar yuxunun keyfiyyətini aşağı salaraq beynin normal istirahət prosesinə mane olur.

Maraqlıdır ki, mütəxəssisin fikrincə, qorxulu yuxular müəyyən mənada adaptasiya funksiyası daşıyır. Beyin yuxu zamanı stresli situasiyaları modelləşdirərək onlara uyğunlaşmağa çalışır. Buna görə də bəzi hallarda insanlar kabus görsələr də, oyandıqdan sonra özlərini daha yüngül və dincəlmiş hiss edə bilirlər.

Bununla belə, həkim vurğulayıb ki, hər kəs zaman-zaman pis yuxular görə bilər. Lakin kabuslar mütəmadi xarakter alırsa və normal yuxuya mane olursa, bu, daha ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər. Belə hallarda mütəxəssisə müraciət etmək tövsiyə olunur.

Kabusların tezliyini azaltmaq üçün gündəlik həyatda stressi minimuma endirmək, sağlam yuxu qaydalarına riayət etmək və yatmazdan əvvəl sakitləşdirici rejimə keçmək məsləhət görülür.

Bundan əvvəl həkim Aleksandr Olmos da keyfiyyətli yuxu üçün bəzi qidalardan imtina etməyə çağırıb. Onun sözlərinə görə, kolbasa məhsulları melatonin hormonunun ifrazını azalda bilər, çörək və makaron isə qan şəkərində sıçrayış yaradaraq narahat yuxuya səbəb ola bilər.

yuxu kabus

Xəbər lenti