IMG-LOGO

Ötən il Azərbaycan Türkiyəyə 12 milyard kubmetrə yaxın qaz nəql edib

13 Feb 2026 15:57 5 baxış
IMG

2025-ci ildə Azərbaycandan Türkiyəyə ümumilikdə 11 milyard 915,35 milyon kubmetr təbii qaz ixrac edilib.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, 2024-cü il ilə müqayisədə 3,8 % çoxdur.

Belə ki, bu müddət ərzində 11 milyard 524,83 milyon kubmetr qaz uzunmüddətli razılaşma əsasında, 390,5 milyon kubmetr isə spot əsasında təchiz edilib.

2025-ci ilin dekabr ayında isə Azərbaycandan Türkiyəyə ümumilikdə 1 milyard 80,66 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 4,17 % çoxdur. Dekabrda Azərbaycandan Türkiyəyə nəql edilən bütün həcmlər uzunmüddətli müqavilə əsasda ixrac edilib.

Bununla da dekabrda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən üçüncü ölkə olub. Həmin ay Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 14,2 %-i Azərbaycanın payına düşüb.

Xatırladaq ki, ötən ilin dekabr ayında Azərbaycan Türkiyəyə 1 milyard 37,37 milyon kubmetr təbii qaz ixrac edib.

2025-ci ilin dekabr ayında Türkiyə ümumilikdə 7 milyard 654,24 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2024-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 3,94 % çoxdur.

Ümumilikdə, dekabrda Türkiyəyə 3 milyard 960,45 milyon kubmetr qaz boru kəməri vasitəsilə ixrac olunub (51,74 %), 3 milyard 693,79 milyon kubmetr isə (48,26 %) mayeləşdirilimiş təbii qazın payına düşüb.

Dekabrda Türkiyəyə qaz ixracına görə birinci yeri ABŞ tutub. Ay ərzində ABŞ-dən Türkiyəyə 2 milyard 321,43 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2024-cü ilin dekabr ayı ilə müqayisədə 15,75 % çoxdur.

Dekabrda ikinci yerdə Rusiya qərarlaşıb. Bu ölkə həmin ay Türkiyəyə 2 milyard 303,80 milyon kubmetr qaz nəql edib. 2024-cü ilin eyni ayı ilə müqayisədə Rusiyadan Türkiyəyə qaz nəqli 24,05 % azdır.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Xəbər lenti