Sumqayıt Şəhər İcra Hakimiyyəti Göyərçin abidəsinin yanında ağacların kəsilməsinə aydınlıq gətirib.
İcra Hakimiyyətindən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, şəhər ərazisində yerləşən Nəsimi adına parkda aparılan yaşıllaşdırma və abadlıq tədbirləri çərçivəsində Yaşıllaşdırma İdarəsi tərəfindən quru və güclü külək nəticəsində qəzalı vəziyyətə düşmüş, təhlükə yaradan ağacların kəsilməsi həyata keçirilib.
Qeyd olunub ki, ağacların kəsilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə aparılan baxış və verilmiş müvafiq rəyi əsasında icra olunub:
"Görülən tədbirlər park ərazisində ekoloji tarazlığın qorunması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və yaşıllıq sahələrinin sağlamlaşdırılması məqsədi daşıyır. Eyni zamanda kəsilən ağacların əvəzinin bərpası məqsədilə həmin ərazidə 300-ə yaxın yeni ağac əkilib".