Azərbaycanda 2026-2030-cu illəri əhatə edəcək Turizmin inkişafına dair ilk Dövlət Proqramının hazırlanması turizm sektorunda uzun müddətdir müzakirə olunan struktur problemləri yenidən gündəmə gətirib. Son 20 ildə qəbul edilən proqramlar ölkədə turizm infrastrukturunun formalaşmasına, regionların turizm xəritəsinə daxil edilməsinə və Azərbaycanın beynəlxalq bazarlarda tanıdılmasına mühüm töhfə versə də, ekspertlər hesab edirlər ki, yeni mərhələdə təkcə infrastruktur yanaşması artıq kifayət etmir.
Mütəxəssislərin fikrincə, qarşıdakı Dövlət Proqramı əvvəlki illərdə formalaşan boşluqları aradan qaldırmalı, turizmin inkişafını insan kapitalı, yerli sahibkarlığın təşviqi və ölçülə bilən nəticələr üzərində qurulan yeni inkişaf modelinə keçirməlidir.
"Report" Azərbaycanda turizmin dayanıqlı inkişafını təmin etmək və ortamüddətli dövrdə ölkəyə gələn turistlərin sayını 5-6 milyon nəfərə çatdırmaq məqsədilə hazırlanacaq ilk "Turizmin inkişafına dair Dövlət Proqramı"na hansı əlavə mexanizmlərin daxil edilə biləcəyini araşdırıb.
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib ki, yerli sahibkarlığın daha geniş stimullaşdırılması, icmaların turizm dəyər zəncirində rolunun artırılması və insan resurslarının davamlı inkişafı növbəti mərhələdə əsas prioritetlərə çevrilməlidir.
S. Dübəndi yeni Dövlət Proqramında regionların turizm inkişafının fiziki infrastrukturla yanaşı, eyni zamanda yerli sahibkarlığın təşviqi, icma əsaslı turizm modelləri və insan resurslarının inkişafı ilə balanslaşdırılmasını təklif edir:
"Kiçik və orta sahibkarlıq subyektləri, ailəvi qonaq evləri, yerli bələdçilik və regional mətbəx kimi sahələr üçün məqsədli dəstək mexanizmləri ayrıca nəzərdə tutulmalıdır. Ekoloji məsələlər və ekoturizm artıq zamanın əsas tələbinə çevrilib və yeni Dövlət Proqramında ayrıca, sistemli istiqamət kimi yer almalıdır. Milli parklar, qoruqlar, dağ və meşə zonalarında turizm fəaliyyəti ətraf mühitin qorunması prinsipləri ilə uzlaşdırılmalı, ekoturizm həm təbiətin mühafizəsi, həm də yerli icmalar üçün dayanıqlı gəlir mənbəyi kimi inkişaf etdirilməlidir".
Ekoturizm və ekoloji məsuliyyət ayrıca xətt kimi
S. Dübəndi əlavə edib ki, yeni proqramın effektivliyi ölçülə bilən hədəflər və şəffaf icra mexanizmləri vasitəsilə təmin olunmalıdır.
"Turist sayından əlavə olaraq, yerli məşğulluq səviyyəsi, turizm gəlirlərinin regionlar üzrə paylanması, kiçik və orta sahibkarlığın iştirakı və ekoloji təsir göstəriciləri də əsas indikatorlar sırasında yer almalıdır. İllik ictimai hesabatlar, açıq məlumat platformaları və müstəqil qiymətləndirmə mexanizmləri proqramın real nəticələrini cəmiyyət üçün daha görünən edəcək".
Turizm eksperti Rəhman Quliyev isə bildirib ki, indiyədək qəbul edilən yol xəritələrində (2002-2005-ci, 2010-2014-cü illər və 2016-cı ildən bugünədək) üstünlük infrastruktur layihələrinə verilib:
"Yolların, hava limanlarının, hotellərin tikintisi, abadlaşdırma işləri və turizm məkanlarının əlçatanlığının artırılması ön planda tutulub. Bu yanaşma turizm məhsullarının coğrafi yayılmasını müəyyən qədər yaxşılaşdırsa da, indiki dövrlə müqayisədə xidmətin keyfiyyəti və məhsul müxtəlifliyi yüksək səviyyədə olmayıb".
Subsidiya mexanizmlərinin tətbiqi
Ekspertin sözlərinə görə, proqramlarda diqqət əsasən infrastruktur və xarici turist cəlb edilməsi strategiyalarına yönəldildiyindən, turizmə ixtisaslaşmış kadr hazırlığı və davamlı peşə təhsili strateji hədəf kimi sistemli şəkildə daxil edilməyib: "Nəticədə beynəlxalq standartlara cavab verən kadr çatışmazlığı problemi bu gün də aktual olaraq qalır".
R.Quliyev hesab edir ki, dövlət proqramında mikro və yerli sahibkarlığın turizm məhsullarını inkişaf etdirilməsi üçün konkret mexanizmlərin olması zəruridir. Sadələşdirilmiş kredit və qrant mexanizmləri, rəqəmsal marketinq, onlayn bronlaşdırma və turist xidmətləri üçün platformaların subsidiyalaşdırılması proqramda ayrıca istiqamət kimi yer almalıdır".
Ekspert əlavə edib ki, yeni Dövlət Proqramı çərçivəsində mikro və kiçik biznesə dəstək nəzərdə tutulsa da, bu istiqamət praktik mexanizmlərlə daha da dərinləşdirilməlidir.
"Eyni zamanda, turizm üçün kadr hazırlığının əsas hədəflərdən birinə çevrilməsi vacibdir. Turizm və qonaqpərvərlik sahəsində peşəkar təhsil və sertifikatlaşdırma proqramlarının genişləndirilməsi, yerli icma təlim mərkəzlərinin yaradılması və təcrübə proqramlarının dəstəklənməsidir. Proqramda təhsil və tədqiqat layihələrinin dəstəklənməsi planlaşdırılsa da, bu proses vahid və standartlaşdırılmış kadr inkişaf strategiyası üzərində qurulmalıdır".
R. Quliyev hesab edir ki, yol xəritələri çox vaxt bazar yönümlü istiqamətləri müəyyən edir, lakin turizm məhsul bazasının zənginləşdirilməsi üçün daha güclü dəstək mexanizmlərinə ehtiyac var:
"Sağlamlıq, mədəni, idman, kənd və ekoloji turizm növləri üzrə məqsədli stimullar tətbiq edilməli, yeni turizm məhsulları pilot layihələrlə sınaqdan keçirilməli və uğurlu modellər miqyaslandırılmalıdır. Eyni zamanda, rəqabətqabiliyyətli turizm paketləri beynəlxalq standartlara uyğunlaşdırılmalıdır".
Beləliklə, ekspertlərin ümumi qənaətinə görə, 2026-2030-cu illəri əhatə edəcək ilk "Turizmin inkişafına dair Dövlət Proqramı" əvvəlki mərhələlərdən fərqli olaraq, turizmin dəyər zəncirinin bütün həlqələrini əhatə edən sistemli yanaşmaya əsaslanmalıdır. İnsan kapitalının inkişafı, yerli və mikro sahibkarlığın real iqtisadi subyektə çevrilməsi, icmaların prosesə aktiv cəlb edilməsi və ekoloji dayanıqlılığın təmin olunması proqramın mərkəzi sütunları kimi müəyyənləşdirilməlidir.
Ekspertlər hesab edirlər ki, turizm sektorunun uzunmüddətli dayanıqlığı üçün qərarların qəbulu prosesində özəl sektorun, peşə assosiasiyalarının və regionlarda fəaliyyət göstərən icmaların institusional iştirakı gücləndirilməlidir. Bu, proqramın icrasını formal sənəd çərçivəsindən çıxararaq real iqtisadi və sosial nəticələrə yönəldəcək.
Eyni zamanda, yeni dövlət proqramında konkret indikatorlara əsaslanan monitorinq və qiymətləndirmə mexanizmlərinin yaradılması vacib hesab olunur. Turist axınının həcmi ilə yanaşı, turizm gəlirlərinin regionlar üzrə bölgüsü, yerli məşğulluğun artımı, kiçik və orta sahibkarlığın dövriyyədə payı, ekoloji yük və xidmət keyfiyyəti kimi göstəricilər proqramın uğurunu müəyyən edən əsas meyarlar olmalıdır.
Mütəxəssislərin fikrincə, məhz bu yanaşma Azərbaycanda turizmin kəmiyyət artımından keyfiyyət mərhələsinə keçidini təmin edə, ölkəni regional miqyasda daha rəqabətqabiliyyətli və dayanıqlı turizm mərkəzinə çevirə bilər.



