IMG-LOGO

"Bu sözlər uşaqlarda aqressiya yaradır" - Psixoloq "İdrak"dakı insidentdən DANIŞDI

10 Feb 2026 14:10 4 baxış
IMG
0 0

Son günlər uşaqlar və yeniyetmələr arasında yaşanan faciəvi, aqressiv hadisələr cəmiyyətdə ciddi narahatlıq doğurur və tərbiyə məsələsini yenidən gündəmə gətirir. Əvvəllər aqressiyalar cinayətlə yekunlaşmasa da, indi hadisələrin həm miqyası, həm də sayı çoxalıb. İnsanlar uşaq böyütməyin məsuliyyətindən çəkindikləri üçün övlad sahibi olmaq istəmirlər.

Bəs görəsən, indi uşaqlar niyə bu qədər aqressivdirlər? Onları tətikləyən nədir? Valideyn nə etsə, bədbəxt hadisələrin qarşısını ala bilər?

Pedaqoq, Valideyn Məktəbinin təsisçisi Aysel Rəsulzadə Lent.az-a açıqlamasında bildirib ki, uşaqları həm dinləməli, həm də onlara sərhəd qoymalıyıq:

Təəssüflər olsun ki, təhsilimizin təməlini sarsıdan, tərbiyəyə köklü formada təsir edən çox ciddi problemlər, faciəvi durumlar yaşanır. Bu isə insanların ağlında bir sual yaradır: Nə etməliyik ki, faciəvi hadisələr bir daha yaşanmasın?. Bu məsələdə ilk növbədə özümüzə köklənməliyik. Tərbiyə verərkən hansı nöqsanlara diqqət edirik?

İdrak liseyindəki hadisə göstərdi ki, nəsillərarası tərbiyə modeli tamamilə dəyişir. Əvvəllər uşaq sözə baxmayanda avtoritet tərbiyə modeli tətbiq edilirdi. Valideynlər həmin an uşağı cəzalandırır, qorxu ilə onun davranışını düzəltməyə çalışırdılar. Lakin indiki nəsildə bu model dəyişib. Valideynlər uşaqlara istədikləri azadlığı verirlər. Əsas olan odur ki, onların tələblərinə yox deyilməsin, istədiklərini edə bilsinlər. Ancaq nəzərə almaq lazımdır ki, uşağa tamamilə azadlıq verdikdə, bu kimi problemlər yarana bilir. Odur ki, bu gün uşaqlara düzgün sərhəd və münasibət modeli gərəklidir. Burada da əsas model isə nümunəvi valideyndir. Çünki nə olursa, olsun tərbiyə ailədən başlayır. Azadlıq balansı qorunub saxlanılmalıdır.

Valideynlərin səhvi uşaqlarına az zaman ayırmaq, onun fikrini, duyğularını görməzdən gəlmək, hisslərini doya-doya yaşamalarına imkan verməməkdir. Çox insan valideyn ola bilər, lakin ata-ana olmaq qarşısındakı uşağı özü kimi yox, ayrı bir fərd kimi anlamaq, onun hiss və duyğularına hörmət etməkdir. Uşağı başa düşməklə yanaşı ona sərhəd də qoymaq lazımdır. Evdə qayda-qanunun gözlənilməsi üçün əvvəlcə ata-ana özləri qaydalara əməl etməlidirlər. Təəssüf ki, bu gün müxtəlif səbəblər ata-ananın düzgün ailə modelinə çevirilməsinə mane olur”.

A.Rəsulzadə qeyd edib ki, problemin kökündə duran ən böyük səbəblərdən biri uşağa vaxt ayırmamaqdır:

“İnsan daxili gərginlik keçirsə, hiss və emosiyalarını doğru-düzgün yaşaya bilməsə, anlaşılmadığı yerdə davamlı olaraq yaşasa, eləcə də müəyyən şiddət formasına məruz qalsa, onun daxilində şiddətli aqressiya yaranacaq və bir gün vulkan kimi püskürəcək. Yeniyetməlik uşaq hisslərinin yığılıb, özünü göstərdiyi dövrdür. Ona görə də yeniyetmələr bu qədər aqressivdirlər.

Uşaqlarla, yeniyetmələrlə işləyən valideyn, eləcə də müəllim olaraq, çalışmalıyıq ki, onları aqressiv vəziyyətə çatdırmayaq. Çünki bu mərhələ ən həssas dövrdür. Əgər bir yeniyetmə məni heç kim başa düşmür düşüncəsi ilə yaşayırsa, dinlənilmirsə, valideyn hər dəfə işim var, birazdan danışarıq, indi vaxtı deyil, sonraya saxlayaq kimi söz və ifadələrlə onun fikirlərini gözləməyə qoyursa, uşaqda aqressiya yaşanması normaldır Amma məsələ bununla da yekunlaşmır. Uşağa həddindən çox azadlıq veriləndə, tərbiyəsində sərhəd gözlənilmədikdə, tərbiyəyə məhəl qoyulmadıqda, uşaqdır, böyüyər, düzələr kimi fikirlərlə laqeyd yanaşıldıqda, burada da aqressiyanın olması normaldır.

Bütün bunların fonunda ailədaxili münaqişələr yanaşılırsa, orada başa düşülməyən uşaq məktəbə, müəllimə sığınır. Bu halda müəllimin həmin şagirdə xüsusi yanaşma göstərməməsi aqressiyanı daha da qabardır. Ailədə, məktəbdə dinlənilməyən və görülməyən uşaq sosial mediaya üz tutur. Yeniyetməlik dövründə ekranın digər üzündə hisslərinin başa düşüldüyünü görən uşaq bütünlükdə ona aludə olur. Nəticədə isə bu cür faciəvi hadisələr baş verir.

Uşağın qəzəbinin idarə olunması ilə valideynlər, müəllimlər, psixoloq və pedaqoqlar işləməlidirlər. Məktəblərdəki psixoloqlar ciddi işə başlamalı, şagirdlərlə müntəzəm fərdi və qrup terapiyaları keçirməlidirlər. Onların emosiyalarını, hiss və qəzəblərini düzgün idarə edə bilmələrinə yardımçı olacaq təlimlər aparılmalıdır. Müəllim-valideyn-məktəb üçbucağına psixoloq əməkdaşlığını da əlavə etməyin vaxtıdır. Valideyn daim övladını nəzarətdə saxlamalıdır, uşağın məktəbdən və ailədən kənardakı mühitini bilməli, tanımalı, onun dost mühitindən xəbərdar olmalıdır. Yeri gələrsə, dostlarını qonaq çağırmalı, onlarla tanış olmalıdır. Belə olduqda, uşaq hiss edir ki, valideyn təkcə ona yox, dostlarına da dəyər verir. Bir sözlə, valideyn övladının gününü necə keçirdiyi ilə yaxından tanış olmalıdır. Bu, hardasan, niyə gec gəlirsən sözləri ilə uşağı sıxmaq anlamına gəlmir. Onları bu qədər sıxmaq olmaz. Çünki yeniyetmə adi bir sözdən də qıcıqlanıb, istənilən hərəkəti edə bilər. Valideynlər övladına daha həssas yanaşmalı, psixoloqlarla işləməlidirlər. Psixoloq seçimini də diqqətlə etmək lazımdır. O, səbrli, təmkinli, uşağa yanaşmanı bilən şəxs olmalıdır. Valideyn və müəllimdən sonra psixoloq gəlir. Əgər o yeniyetməyə hansısa bir söz desə, uşaq onun dediklərini tətbiq edə bilər. Bunun üçün də seçimi ciddi aparmaq lazımdır. Təəssüf ki, bu gün valideynlər buna o qədər də ciddi yanaşmırlar. Bir valideyn, xüsusən də analar hansısa bir geyim, kosmetik vasitələrlə bağlı detallı araşdırma edir, hər şeyi öyrənir, amma uşağı üçün müəllim, psixoloq seçərkən bu qədər dəqiq olmur.

Uşaqlara qayda-qanunlara əməl etməyi öyrətməliyik. Onlara yox ifadəsini mən istəmirəm, olmaz formasında söyləmək yerinə, sənin yaxşılığın üçün bunu edirəm, deyərək, izah etmək lazımdır. Uşağa hansısa sərhəddi qoyuruqsa, bu addımın onun üçün hansı faydaları varsa, onları izah etməliyik. Telefon və internet istifadəsində nəzarət olmalıdır, limit qoyulmalıdır. Bu nəzarət elə olmalıdır ki, uşaqda qıcıq yaranmasın. Çünki yeniyetməlik qəzəbin ən çox müşahidə olunduğu dövrdür.

Məhdudiyyət qoyanda istifadə edəcəyimiz cümlələr vəziyyəti yaxşılaşdıra və ya daha bərbad hala gətirə bilər. Təəssüf ki, hadisələr onu göstərir ki, uşaqlarımız diqqətdən kənarda qalıblar.  Onlara zaman ayırmaq mütləqdir". 

aqressiya uşaqlar İdrak liseyi şagird aqressiya artır valideyn psixoloq pedaqoq

Xəbər lenti