IMG-LOGO

IATA-nın vitse-prezidenti: "Bakı düzgün strategiya ilə Şərq-Qərb axınlarını cəlb edə bilər" - MÜSAHİBƏ

02 Feb 2026 11:51 5 baxış
IMG

Qlobal aviasiya axınlarının yenidən bölüşdürülməsi və Orta dəhlizin rolunun artması fonunda Azərbaycan regional aviasiya bazarında mövqeyini tədricən möhkəmləndirir. Sərnişin axınının davamlı artımı, marşrut şəbəkəsinin genişləndirilməsi və tranzit potensialının artması Heydər Əliyev Beynəlxalq Hava Limanını ölkənin nəqliyyat və logistika arxitekturasının əsas elementinə çevirir.

Eyni zamanda, bazar dinamikası sistemli çağırışları da üzə çıxarır - terminalların məhdud buraxılış qabiliyyəti, infrastrukturun modernləşdirilməsi, hava limanı yığımlarının optimallaşdırılması, habelə beynəlxalq standartlara uyğun olaraq rəqəmsal və "yaşıl" həllərin tətbiqi zərurəti. Bu şəraitdə müvafiq beynəlxalq təşkilatların, ilk növbədə, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) tövsiyələri balanslaşdırılmış və iqtisadi cəhətdən əsaslandırılmış inkişaf strategiyasının hazırlanması üçün xüsusi əhəmiyyət kəsb edir.

IATA-nın Avropa üzrə regional vitse-prezidenti Rafael Şvartsman "Report"a müsahibəsində assosiasiyanın Bakının tranzit və logistika mərkəzi kimi potensialını necə qiymətləndirməsi, Heydər Əliyev Beynəlxalq Hava Limanının uzunmüddətli Baş Planının əsasını təşkil etməli olan prioritetlər, eləcə də Azərbaycanın aviasiya infrastrukturunun modernləşdirilməsində hansı beynəlxalq standartların və uğurlu təcrübələrin nəzərə alınmasının məqsədəuyğun olması barədə danışıb.

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- IATA Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində tranzit aviasiya və logistika qovşağı kimi Bakının potensialını necə qiymətləndirir?

- Bakının Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşməsi tranzit aviasiya qovşağı və logistika mərkəzinin inkişafı üçün möhkəm təməl yaradır. Bu strateji mövqe xüsusilə Orta Dəhliz çərçivəsində əlaqələrə artan tələbatı və regional ticarətin genişlənməsini nəzərə alaraq, Şərqlə Qərb arasında yük və sərnişin axınlarının cəlb edilməsi üçün imkanlar açır.

Eyni zamanda, bu potensialın reallaşdırılması dərin analitik iş və müqayisəli təhlil tələb edir - belə olan halda digər regional mərkəzlər tərəfindən tətbiq olunan strategiyaların öyrənilməsi mütləqdir. Ssenari planlaması vacib element olmalıdır, çünki geosiyasi qeyri-müəyyənlik nəqliyyat axınlarının istiqamətlərinə və həcmlərinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Belə ki, Rusiya-Ukrayna münaqişənin nəticəsi Azərbaycan üçün hansı modelin daha əlverişli olacağını müəyyən edəcək: axınları bir qovşaqda cəmləşdirən klassik "qovşaq" modeli ("hub-and-spoke") və ya birbaşa bağlantıya əsaslanan "nöqtədən-nöqtəyə" strategiyası.

Uğurlu inkişafın əsas şərti aviaşirkətlər və logistika operatorları ilə daimi dialoqdur, bu, bazarın real ehtiyaclarına uyğun hab modelini qurmağa imkan verir.

- Avropa-Çin aviasiya dəhlizinin formalaşmasında Azərbaycanın rolu nədən ibarətdir? Orta Dəhlizə artan marağı nəzərə alaraq, Bakı üzərindən hava nəqliyyatı ilə yük daşımalarının artım perspektivlərini necə qiymətləndirirsiniz?

- Azərbaycan Avropa və Çin arasında alternativ ticarətin marşrutu kimi tədricən möhkəmlənən Orta Dəhliz boyunca strateji mövqe tutur. Bakının coğrafiyası və mövcud infrastrukturu qlobal təchizat zəncirlərinin daha böyük dayanıqlılığa və şaxələnməyə can atması fonunda hava nəqliyyatı ilə yük axınlarını cəlb etmək üçün əlverişli şərait yaradır.

"Silk Way West" aviaşirkətinin Ələt Azad İqtisadi Zonasında ixtisaslaşmış "yaşıl" yük hava limanının tikintisi layihəsi buna bariz nümunədir. Müasir avadanlıqlarla təchiz olunmuş və ildə 1,5 milyon ton yük emal etmək gücünə malik yeni obyekt düzgün strategiya sayəsində Bakının böyük yük aviasiya mərkəzinə çevrilməsi potensialından xəbər verir. Tikintinin 2026-cı ilin sonunda başa çatması, hava limanının isə 2027-ci ilin birinci rübündə açılması planlaşdırılır.

Bu gün Bakı istifadə olunmayan yük tutumuna malikdir, Ələtdə ixtisaslaşdırılmış infrastrukturun inkişafı isə Heydər Əliyev Beynəlxalq Hava Limanında əlavə resursların sərbəst buraxılmasını təmin edə bilər. Bu, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) yük əməliyyatlarının genişləndirilməsi, həm də beynəlxalq yük aviadaşıyıcılarının cəlb edilməsi üçün imkanlar yaradır. Bu gün AZAL-ın gəlirlərinin yalnız 1 %-ə qədəri yük daşımalarının payına düşür – bu rəqəm orta göstəricidən xeyli aşağıdır – məhz bu seqment gəlir artımının ən perspektivli istiqamətlərindən biridir.

- İnkişaf etməkdə olan aviasiya bazarları üçün tələbin proqnozlaşdırılması, donanmanın idarə edilməsi və rəqəmsal dispetçerləşdirmə kimi müasir analitik sistemlərin tətbiqi nə dərəcədə vacibdir? IATA bu istiqamətdə Azərbaycana dəstək verməyə hazırdırmı?

- Müasir analitik sistemlərin tətbiqi Azərbaycan da daxil olmaqla inkişaf etməkdə olan aviasiya bazarları üçün həlledici əhəmiyyət kəsb edir, çünki bu, intuitiv qərarlardan məlumata əsaslanan idarəetməyə keçidə və əməliyyat effektivliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verir. Bu cür alətlər sərnişin və yük aviadaşımalarına tələbatın daha dəqiq proqnozlaşdırılmasını təmin edir, infrastruktura investisiya qoyuluşunun əsaslandırılmış şəkildə planlaşdırılmasına, həmçinin aviaşirkətlərin və hava limanlarının marşrut şəbəkələrinin formalaşdırılmasına kömək edir.

Bununla yanaşı, analitik həllər hava gəmiləri parkının idarə edilməsində mühüm rol oynayır - təyyarələrin daha səmərəli istifadəsinə, texniki xidmətin planlaşdırılmasının təkmilləşdirilməsinə və xərclərə nəzarətin gücləndirilməsinə kömək edir. Rəqəmsal dispetçerləşdirmə isə öz növbəsində, real vaxt rejimində məlumatların inteqrasiyası hesabına uçuşların dəqiqliyini, resursların bölüşdürülməsinin keyfiyyətini və sərnişinlərə xidmət səviyyəsini artırır.

IATA artıq Azərbaycana, o cümlədən AZAL-ın "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) üçün trafikin proqnozlaşdırılması, AZAL üçün marşrut şəbəkəsinin və hava gəmiləri parkının planlaşdırılması məsələlərində dəstək göstərib. Hazırda AZAL öz biznes planını hazırlayır və ümid edirik ki, müasir analitik alətlərin səmərəli tətbiqi üçün zəruri olan ən yaxşı beynəlxalq təcrübələr və ekspert tövsiyələri bu planda nəzərə alınacaq.

- IATA-nın fikrincə, Heydər Əliyev Beynəlxalq Hava Limanının 10-20 illik perspektivdə inkişafna dair Baş Planın əsasını hansı əsas elementlər təşkil etməlidir? Hansı prioritetlərə diqqət yetirmək məqsədəuyğundur?

- Baş Plan hava limanı infrastrukturunun planlaşdırılması sahəsində beynəlxalq səviyyədə tanınmış ən yaxşı təcrübələri əks etdirən Hava Limanlarının Layihələndirilməsi və İnkişafı üzrə IATA Təlimatına (ADRM, 12-ci nəşr) uyğun hazırlanmalıdır. Bu gün terminal məhdudiyyətlərinin aradan qaldırılması əsas prioritetdir – belə ki, bu, ötürmə qabiliyyətinin əsas "dar boğaz"ıdır.

Gələcək genişləndirmələr ilk növbədə, funksionallığa və əməliyyat effektivliyinə yönəldilməli, müntəzəm sərnişin axını, çeviklik və miqyaslılıq təmin edilməlidir. Arxitektur həllər istismar rahatlığını arxa planda qoymamalıdır, çünki məhz planlaşdırma həlləri hava limanı yığımlarının səviyyəsinə və nəticə etibarilə hava limanının rəqabət qabiliyyətinə birbaşa təsir göstərir.

Hazırda Bakı hava limanında tariflər nisbətən yüksək olaraq qalır ki, bu da yeni aviadaşıyıcıların cəlb edilməsini, aşağı büdcəli daşımalar seqmentinin inkişafını və tammiqyaslı regional mərkəzin formalaşmasını ləngidə bilər. Bu baxımdan iqtisadi səmərəlilik bütün investisiya və planlaşdırma qərarlarının əsas prinsipi olmalı və mütləq şəkildə şəffaf biznes əsaslandırması, eləcə də hava limanı istifadəçiləri üçün aydın investisiya geri dönüşü ilə dəstəklənməlidir.

Bununla yanaşı, Baş Planda dayanıqlı inkişaf məqsədləri və 2050-ci ilə qədər karbon neytralllığına nail olmaq üçün sahəvi öhdəlik kontekstində rəqəmsal transformasiya və "yaşıl" texnologiyaların tətbiqi nəzərdə tutulmalıdır.

Ən yaxşı beynəlxalq təcrübə kimi biz AZAL tərəfindən hazırlanmış Baş Planın müstəqil neytral ekspertizasının aparılmasını tövsiyə edirik. Aviaşirkətlərlə mütəmadi şəkildə məsləhətləşmələrin aparılması belə layihələrin uğurla həyata keçirilməsinin əsas şərtidir. IATA bu cür ekspertizada iştirakda maraqlıdır və planın beynəlxalq standartlara və sahənin gözləntilərinə uyğunluğunu təmin etmək üçün öz texniki bilik və təcrübəsini təqdim etməyə hazırdır.

- IATA Heydər Əliyev Beynəlxalq Hava Limanının cari buraxılış qabiliyyətini necə qiymətləndirir? Bu, regional aviasiya bazarında sərnişin axınının proqnozlaşdırılan artımına və uzunmüddətli tələbata nə dərəcədə uyğundur?

- AZAL-ın apardığı araşdırmalara görə, terminalın buraxılış qabiliyyəti ilə bağlı məhdudiyyətlər illik sərnişin axını təxminən 7 milyon nəfərə çatdıqda özünü büruzə verməyə başlayır. Bu hədd artıq 2024-cü ildə aşılıb, 2025-ci ilin sonuna isə sərnişin axını 7,64 milyon nəfəri ötüb. Bu fakt birmənalı olaraq təsdiq edir ki, məhz terminal bu gün hava limanının buraxılış qabiliyyətinin daha da artırılmasını məhdudlaşdıran əsas amildir.

Qeyd olunan məsələlərin həlli üçün IATA ən yaxşı beynəlxalq təcrübələrə uyğun tədbirlər həyata keçirməyi tövsiyə edir. Birincisi, iqtisadi cəhətdən səmərəli modul həllərin tətbiqinə və tələbdən artıq infrastruktur obyektlərinin tikintisinə yol verməməyə imkan verən əsas planlaşdırma aləti kimi IATA-nın Hava Limanlarının Layihələndirilməsi və İnkişafı üzrə Təlimatından istifadə etmək lazımdır. İkincisi, böyük məbləğdə kapital qoyuluşu ilə bağlı qərar qəbul etməzdən əvvəl sərnişin axınlarının yenidən nəzərdən keçirilməsi, planlaşdırmaların optimallaşdırılması və əməliyyat proseslərinin təkmilləşdirilməsi hesabına cari buraxılış qabiliyyətini artırmaq məqsədəuyğundur.

Üçüncüsü, xüsusi "dar boğazları" müəyyən etmək və xidmətin sabit keyfiyyətini təmin etmək üçün xidmət səviyyəsi qiymətləndirilməlidir. Bu, həm sərnişin təcrübəsi, həm də hava limanının nüfuzunun qorunması üçün mühüm əhəmiyyətə malikdir. Nəhayət, infrastrukturun genişləndirilməsi real trafik proqnozlarına uyğun olaraq modul prinsipi əsasında planlaşdırılmalıdır ki, bu da maliyyə risklərini minimuma endirməyə və rəqabət qabiliyyətini sarsıda biləcək hava limanı rüsumlarının həddindən artıq artırılmasının qarşısını almağa imkan verəcək.

Bu addımların həyata keçirilməsi sərnişinlərə yüksək keyfiyyətli xidmət göstərilməsini təmin edəcək və hava limanını uzunmüddətli dayanıqlı artıma hazırlayacaq. IATA müvafiq qiymətləndirmələrin aparılmasında və iqtisadi cəhətdən əsaslandırılmış, gələcəyə yönəlmiş buraxılış qabiliyyətinin inkişaf planının hazırlanmasında AZAL və digər maraqlı tərəflərlə əməkdaşlığa hazırdır.

- IATA Azərbaycanda hava limanlarının terminalları, perronlar, uçuş-enmə zolaqları və naviqasiya infrastrukturunun modernləşdirilməsi üçün hansı beynəlxalq standartları və qabaqcıl təcrübələri tövsiyə edir?

- Aviasiya infrastrukturunun modernləşdirilməsi təhlükəsizliyi, əməliyyat effektivliyini və dayanıqlılığı təmin edən beynəlxalq standartlara və sertifikatlara tam uyğun şəkildə həyata keçirilməlidir. Xüsusilə, biz aviaşirkətlərə IOSA (IATA-nın Əməliyyat Təhlükəsizliyi Auditi), yerüstü operatorlara isə ISAGO (Yerüstü Əməliyyatların Təhlükəsizliyi Auditini) tətbiq etməyi qəti şəkildə tövsiyə edirik.

Bundan başqa, ICAO standartlarına, ilk növbədə, uçuş-enmə zolaqlarının və sürmə yollarının layihələndirilməsinə, maneələrin idarə edilməsinə və təhlükəsizlik zonalarına dair tələbləri tənzimləyən 14 nömrəli Əlavəyə ("Aerodromlar") tam riayət edilməsi vacibdir.

Tənzimləyicilərə Ümumdünya Hava Limanı Slot Qaydalarını (WASG) qəbul etməyi tövsiyə edirik. Bu, slotların şəffaf və ədalətli şəkildə paylanmasını təmin edəcək, infrastrukturdan istifadəni optimallaşdıracaq və aviaşirkətlər arasında vicdanlı rəqabətə şərait yaradacaq. Hava hərəkətinin idarə edilməsi sahəsində fəaliyyətə əsaslanan naviqasiyaya (PBN) keçidin, həmçinin hava limanlarında birgə qərar qəbuletmənin (A-CDM) tətbiqinin nəzərdən keçirilməsi məqsədəuyğundur ki, bu da əməliyyatların proqnozlaşdırılma səviyyəsinin artırılmasına, gecikmələrin azaldılmasına və uçuşların təhlükəsizliyinin gücləndirilməsinə kömək edir.

Bu standartların və yanaşmaların inteqrasiyası Azərbaycana hava limanlarının infrastrukturunun təhlükəsizliyini, dayanıqlığını və səmərəliliyini ən yaxşı beynəlxalq təcrübələrə tam uyğun şəkildə və yüksək səviyyədə təmin etməyə imkan verəcək.

- IATA Azərbaycanı regional konfranslar, seminarlar və sammitlərin keçirilməsi üçün məkan kimi nəzərdən keçirirmi? Bakı beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün namizədliyini irəli sürə bilərmi?

- Azərbaycan artıq irimiqyaslı tədbirlərə ev sahibliyi etmək bacarığını sübut edib. 2025-ci ildə Bakıda Aviasiya Enerji Forumunun keçirilməsi ölkənin institusional hazırlığını və aviasiya sənayesinin inkişafına sadiqliyini əyani şəkildə nümayiş etdirdi.

Bu uğurlu təcrübəyə əsaslanaraq Azərbaycan Ümumdünya Rəqəmsal Simpoziumu (World Data Symposium, WDS), Ümumdünya Maliyyə Simpoziumu (World Financial Symposium, WFS), Ümumdünya Sərnişin Simpoziumu (World Passenger Symposium, WPS), Slotların Paylanması üzrə Konfrans da daxil olmaqla, IATA-nın digər mühüm tədbirləri üçün də məkan kimi nəzərdən keçirilə bilər. Müasir infrastrukturun mövcudluğu, əlverişli coğrafiya və Bakının regional aviasiya ekosistemində artan rolu onu belə tədbirlərin keçirilməsi üçün potensial cəlbedici məkana çevirir.

- IATA Azərbaycanda təlim proqramlarında və kadr potensialının artırılmasında iştirakını genişləndirməyi planlaşdırırmı? Yaxın illərdə hansı bacarıq və səriştələrə tələbat yüksək olacaq?

- IATA Azərbaycanda təlim proqramlarını və insan kapitalının inkişafı proqramlarını dəstəkləməyi və genişləndirməyi nəzərdə tutur. İxtisaslı kadrların mövcudluğu aviasiya sənayesinin davamlı inkişafının əsas şərtidir və gələcəkdə uçuş təhlükəsizliyi və risklərin idarə edilməsi, rəqəmsallaşdırma və məlumatların analitikası, yerüstü xidmət, habelə dayanıqlı inkişaf sahəsində səriştələrə xüsusi tələbat yaranacaq.

2050-ci ilə qədər karbon neytralllığına (Net Zero) nail olmaq üçün aviasiya sənayesinin dekarbonizasiyası, yanacaq səmərəliliyinin artırılması və ekoloji tələblərə riayət edilməsi ilə bağlı bacarıqlara xüsusi diqqət yetiriləcək.

Bu gün ən kəskin problemlərdən biri olan pilot və ixtisaslı aviasiya mütəxəssisi çatışmazlığı təkcə AZAL-ın deyil, ümumilikdə ölkələrin insan kapitalı uğrunda rəqabət apardığı bütün regionun üzləşdiyi bir məsələdir. Bu baxımdan pilotların hazırlanması və lisenziyalaşdırılması üçün akademiyanın yaradılması kadr çatışmazlığının aradan qaldırılması və aviasiya bazarının uzunmüddətli dayanıqlılığının təmin edilməsi istiqamətində strateji addım ola bilər.

Xəbər lenti