Beynəlxalq vasitəçilər İsrail və HƏMAS hərəkatı arasında dördaylıq atəşkəs müqabilində Qəzza zolağında saxlanılan girovları azad etmək üçün yeni razılaşma hazırlayır.
“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” Misir rəsmilərinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, yeni razılaşma bir neçə mərhələni əhatə edir: birincisi, təcili tibbi yardıma ehtiyacı olan uşaq, qadın və qocaların azadlığa buraxılması üçün altı həftəliyinə döyüşlər dayandırılacaq. Bunun müqabilində İsrail xeyli sayda fələstinli məhbusu azad edəcək və Qəzzaya humanitar yardım axınını artıracaq.
Rəsmilər qeyd edirlər ki, HƏMAS daha sonra İsrail qadın əsgərlərini, ardınca isə kişi əsgərləri azad etməyə başlayacaq. Bunun müqabilində Fələstinin hərəkatı beynəlxalq (o cümlədən ABŞ-dən) zəmanətlər alacaq ki, hərbi əməliyyatlarda fasilə zamanı müharibənin daimi sona çatmasına yol açacaq hərtərəfli razılaşma əldə olunacaq.
Bizim WhatsApp kanalımıza abunə olun