ABŞ Dövlət Departamenti Xorvatiyaya 500 milyon dollara "Black Hawk" helikopterləri və digər sistemlərin mümkün satışına icazə verib.
"Report" xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Pentaqon Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Xorvatiya hakimiyyəti bundan əvvəl ABŞ-dan səkkiz helikopter, ehtiyat hissələri və onlar üçün müxtəlif sistemlər, o cümlədən naviqasiya və rabitə vasitələri almaq üçün icazə istəyib.
Qeyd olunub ki, müvafiq satış Avropada siyasi və iqtisadi sabitlik üçün vacib olan NATO müttəfiqinin müdafiəsini gücləndirməyə kömək etməklə ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq.
Əsas podratçının "Lockheed Martin" şirkətinin olacağı güman edilir.
ABŞ administrasiyası artıq bu qərarla bağlı Konqresə məlumat verib. Qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək və potensial olaraq onu bloklamaq üçün 30 günü var.
Bizim Telegram kanalımıza abunə olun