İşğaldan azad edilmiş ərazilərdə böyük su infrastrukturu layihələri 2022-ci ildən etibarən aktiv mərhələyə keçib. Belə ki, həyata keçirilən ardıcıl institusional islahatlar, genişmiqyaslı infrastruktur layihələri və rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi ölkədə su ehtiyatlarının idarə olunmasını yeni mərhələyə yüksəldib. Ümumilikdə isə idarəetmədə pərakəndəlik aradan qaldırılıb, su ehtiyatlarının vahid mərkəzdən koordinasiyası üçün sağlam hüquqi baza formalaşdırılıb.
"Report" xatırladır ki, bu il yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə zamanı Prezident İlham Əliyev azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrinin icrası məsələlərinə toxunub.
Dövlət başçısı qeyd edib ki, vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib.
"Ermənistan dövləti su terroru həyata keçirirdi. Bu gün isə "Suqovuşan", "Sərsəng" su anbarları tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda "Köndələnçay" üzərində üç, eləcə də, Ağdam rayonunda "Xaçınçay" su anbarları yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş "Zabuxçay" su anbarı bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının - "Həkəriçay", "Bərgüşadçay" su anbarlarının tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir".
Prezident həmçinin bildirib ki, bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür:
"Bir çox ölkələr artıq bundan ciddi zərər görür. Bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapir".
Bu xüsusda "Report"a danışan Füzuli Su Meliorasiya Sistemləri İstismar İdarəsinin rəisi Babayev Atakişi Füzuli rayonu ərazisindəki Köndələnçay üzərində qurulan üç su anbarının işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri başlanması ilə yenidən qurulmasından bəhs edib.
Onun sözlərinə görə, işğal dövründə anbarın bəndləri dağıdılmış, qəza su tullayıcıları yararsız halda salınmışdı.
İdarə rəisi qeyd edib ki, Köndələnçay çayının məcrasında tikilmiş ümumi su tutumu 3,9 milyon kubmetr olan "Köndələnçay-1" su anbarı 1962-ci ildə istismara verilib.
1951-ci ildə istismara verilən "Köndələnçay-2" su anbarının ümumi su tutumu isə 2,1 milyon kubmetrdir.
Ümumi su tutumu 9,5 milyon kubmetr olan Aşağı Köndələnçay su anbarı isə 1980-ci ildə istismara verilib.
Tərtərçay Hidroqovşağının istismar idarəsinin baş mütəxəssisi Hafiz Səfərov isə "Report"a açıqlamasında "Suqovuşan" su anbarı barədə danışıb.
Müsahib "Suqovuşan" su anbarının da işğal dövründə yararsız hala salındığını bildirib.
Onun sözlərinə görə, Suqovuşan su anbarı və magistral kanallar 1976-cı ildə istismara verilib. Su anbarının ümumi su tutumu 5,86 milyon kubmetrdir. Bəndin üstdən uzunluğu 630 metr, hündürlüyü 28 metr, eni isə 10 metrdir.
Baş mütəxəssis əlavə edib ki, Tərtərçay və Turağayçay çaylarından daxil olan sular su anbarında tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 70 kubmetr olan əsas magistral kanala, başlanğıcdan 5,2 kilometr sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20 kubmetr olan sağ sahil və sol sahil magistral kanallarına verilir.
Beləliklə, sadalanan bu faktlar işğaldan azad edilmiş ərazilərdə, həmçinin respublikanın digər yerlərində həyata keçirilən genişmiqyaslı su layihələrinin regionun iqtisadi dirçəlişində həlledici rol oynadığının ifadəsidir.
Su anbarlarının bərpası və yenilərinin inşası təkcə kənd təsərrüfatının inkişafına deyil, həm də ölkənin ümumi su təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir.
Modern idarəetmə və sistemli yanaşma sayəsində Azərbaycan həm iqlim dəyişikliyinin fəsadlarına qarşı dayanıqlı infrastruktur qurur, həm də uzun illər davam edən "su terroru"nun izlərini birdəfəlik silərək Qarabağı yenidən həyat mənbəyinə çevirir.






