IMG-LOGO

Yaponiya azərbaycanlı pedaqoqu ali dövlət mükafatı ilə təltif edib

30 Jan 2026 19:26 5 baxış
IMG

Bakı 225 nömrəli orta məktəbin yapon dili müəllimi Esmira Məmmədova Yaponiyanın ali dövlət mükafatı - "Gümüş şəfəqli Doğan Günəş" (The Order of the Rising Sun, Silver Rays) ordeni ilə təltif edilib.

"Report" xəbər verir ki, mükafatlandırma mərasimi Yaponiyanın Azərbaycandakı səfiri Katuya Vatanabenin Bakıdakı iqamətgahında keçirilib.

Mükafat Azərbaycanda yapon dilinin inkişafına töhfə və iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə görə təqdim edilib.

Tədbirdə çıxış edən səfir Katuya Vatanabe Esmira Məmmədovaya Azərbaycanda yapon dili və mədəniyyətinin təşviqinə xüsusi diqqət və əhəmiyyətli töhfəsinə görə təşəkkürünü bildirib.

Qeyd olunub ki, Esmira Məmmədova yapon dilinin ölkənin orta təhsil sisteminə tətbiq edilməsinin təməlini qoyanlardan biri olub. 2009-cu ildə Təhsil Nazirliyinin qərarı ilə pilot layihə çərçivəsində üç dövlət məktəbində yapon dilinin tədrisinə başlanılmışdı. 225 nömrəli məktəb onlardan biri olub və yapon dilinin məktəb proqramı fənni kimi daim tədris olunan yeganə təhsil müəssisəsi olaraq qalır.

"Gümüş şəfəqli Doğan Günəş" ordeni 1875-ci ildə təsis edilib. Ordenin nişanı Yaponiyanın dövlət bayrağındakı günəşi təmsil edən qırmızı rubindir, asma isə yaşıl yarpaqlı və bənövşəyi çiçəkli pavlovniya gerbinin formasındadır.

Xəbər lenti