İtaliya və Azərbaycan arasında iqtisadi münasibətlər strateji tərəfdaşlığa və fəal siyasi dialoqa əsaslanaraq sabit şəkildə inkişaf edir. İtaliya Azərbaycanın aparıcı xarici ticarət tərəfdaşı, həmçinin ölkəmizdəki neft və qazın ən böyük alıcısıdır. Eyni zamanda, tərəflər bu gün xarici ticarət əlaqələrinin şaxələndirilməsi, qarşılıqlı qeyri-neft-qaz təchizatı həcminin artırılması məqsədilə fəal dialoq aparırlar.
İtaliya Ticarət Agentliyinin (ITA) Bakı ofisi ikitərəfli ticarət dövriyyəsinin qeyri-neft-qaz komponentinin genişlənməsində, həmçinin Azərbaycan bazarında bu ölkənin biznes mövqelərinin möhkəmlənməsində mühüm rol oynayır.
ITA-nın yeni direktoru Çeçiliya Oliva (Cecilia Oliva) "Report"a müsahibəsində İtaliya brendlərinin Azərbaycana artan marağı, agentliyin ölkədəki mövcudluğunu artırmaq planları, o cümlədən 2026-cı ildə investisiyaların artırılması, eləcə də İtaliya şirkətlərinin fəaliyyətə cəlb edilməsi üçün Qarabağ regionunun imkanlarının öyrənilməsi barədə danışıb.
- İtaliya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın cari vəziyyətini və dinamikasını necə qiymətləndirirsiniz?
- İtaliya ilə Azərbaycan arasında iqtisadi münasibətlər hazırda çox yüksək səviyyədədir. O, uzunmüddətli strateji tərəfdaşlıq və sıx siyasi əlaqələrlə möhkəmlənir. Azərbaycanı 2024-2025-ci illər ərzində İtaliyanın Baş naziri Ciorcia Meloni (2024-cü ilin noyabr ayında - red.) və Prezidenti Sercio Mattarella (2025-ci ilin oktyabr ayında - red.) ziyarət ediblər. Bu isə münasibətlərimizin əhəmiyyətini həqiqətən vurğulayır. İtaliya enerji sektorunda uzunmüddətli ticarət tarixçəsinə malik olmaqla, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır. Xüsusilə, İtaliya Azərbaycandan neft və qaz idxal edir.
Bununla yanaşı, qeyri-enerji məhsulları üzrə ticarətin davamlı şəkildə artdığını xüsusi qeyd etmək istəyirəm. Bu, əməkdaşlığımızın şaxələndiyini göstərir. Düşünürəm ki, bu, zamanla daha balanslı və dayanıqlı ticarət strukturunun formalaşmasına gətirib çıxaracaq.
İtaliya Azərbaycana əsasən sənaye və texnoloji məhsullar təchiz edir. Buraya maşınqayırma, tikinti və infrastruktur üçün avadanlıqlar, enerji və ekoloji texnologiyalar, tikinti materialları və s. daxildir. İtaliya təkcə məhsullar deyil, həm də kompleks həllər, mühəndislik təcrübəsi və mürəkkəb sistemlərin idarə edilməsi imkanı təklif edir.
Vurğulamaq istədiyim daha bir məqam isə İtaliyanın kiçik və orta müəssisələrinin rolu ilə bağlıdır. Onlar çeviklik, ixtisaslaşma, öz texnologiyalarını yerli ehtiyaclara uyğunlaşdırmaq qabiliyyətinə malikdirlər və tez-tez bir sıra inkişaf layihələrində əsas tərəfdaşlara çevrilirlər. Bu model Azərbaycanın nəqliyyat dəhlizləri, dəmir və avtomobil yollarının modernləşdirilməsi, Bakıda şəhər mobilliyi, bərpa olunan enerji mənbələri, su ehtiyatlarının idarə olunması və ekoloji xidmətlər kimi prioritetlərinə uyğun gəlir. İtaliya şirkətlərinin bütün bu sahələrdə Azərbaycandakı tərəfdaşlara bir sıra təklifləri var.
- Hazırda Azərbaycanda neçə İtaliya şirkəti fəaliyyət göstərir və onlar iqtisadiyyatın hansı sektorlarında daha aktiv təmsil olunurlar?
- Bu gün Azərbaycanda törəmə şirkətlərdən tutmuş birgə müəssisələr və nümayəndəliklərə qədər onlarla İtaliya şirkəti fəaliyyət göstərir. Onlar xüsusilə enerji, tikinti, mühəndislik, neft-qaz xidmətləri, maşınqayırma, infrastruktur, aqrobiznes, qida sənayesi, peşəkar xidmətlər, moda və dizayn sahələrində geniş təmsil olunurlar. Eyni zamanda, ekoloji baxımdan təmiz texnologiyalar və "ağıllı həllər"ə artan maraq müşahidə edirik.
Daha əvvəl qeyd etdiyim kimi kiçik və orta müəssisələr çox mühüm rola malikdir. Məhz onlar çox vaxt ixtisaslaşmış nou-hau və çevikliyi böyük layihələrə gətirir, təchizatçı və ya texnoloji tərəfdaş kimi çıxış edirlər. Bu yanaşma nəqliyyat dəhlizlərindən tutmuş şəhər mobilliyi və bərpa olunan enerji mənbələrinə qədər Azərbaycanın hazırkı inkişaf prioritetləri ilə yaxşı uzlaşır. Bu sahələrdə İtalyanın sənaye həlləri yüksək rəqabət qabiliyyətinə malikdir.
- Bu il İtaliya-Azərbaycan biznes forumunun keçirilməsi planlaşdırılır. Bu forum hansı formatda keçiriləcək və neçə şirkət iştirak edəcək?
- Hazırda biz forumun təşkili üzərində işə başlamamışıq. Buna görə də onun formatı və iştirakçıların sayı ilə bağlı təfərrüatlar barədə danışmaq hələ tezdir. Bununla belə, onun digər beynəlxalq biznes forumlara bənzər strukturda keçiriləcəyi, institusional sessiyaları sektoral panellər və B2B görüşləri ilə birləşdirəcəyi gözlənilir.
Əminəm ki, forum iştirakçılarının sayı çox olacaq ki, bu da həm İtaliya, həm də Azərbaycan şirkətlərinin əməkdaşlığın genişləndirilməsinə böyük marağını əks etdirir.
- Forumun yekunları üzrə ITA ilə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) arasında Anlaşma Memorandumu və Fəaliyyət Planının imzalanması gözlənilir. Bu sənəd əməkdaşlığın hansı əsas istiqamətlərini əhatə edəcək?
- Anlaşma Memorandumu və Fəaliyyət Planı əməkdaşlığı daha sistemli və çevik hala gətirməyi hədəfləyir. Sənədlər qarşılıqlı investisiyalara, eləəcə də kiçik və orta biznesin beynəlmiləlləşməsinə dəstəyi, məlumat mübadiləsini, birgə biznes missiyaları və ticarət sərgilərinin təşkilini, innovativ və dayanıqlı sektorlar üzrə əməkdaşlığın inkişafını, eləcə də peşəkar potensialın artırılmasını nəzərdə tutur. Başqa sözlə, söhbət iki ölkənin şirkətləri üçün davamlı və praktiki imkanların yaradılmasından gedir.
- Azərbaycandan İtaliyaya biznes missiyalarının təşkili planlaşdırılırmı? ITA Azərbaycan şirkətlərindən sorğular alırmı?
- ITA-nın əsas missiyası İtaliya mallarını, xidmətlərini xaricdə təşviq etmək və ölkə şirkətlərinin beynəlmiləlləşməsini dəstəkləməkdir. Bu baxımdan, Azərbaycan şirkətlərinin beynəlmiləlləşdirilməsinə dəstək məsələsi ilə ilk növbədə AZPROMO məşğul olur. Buna baxmayaraq, Bakıda hər il həm azərbaycanlı sahibkarlar, həm də jurnalistlər üçün İtaliyaya bir neçə səfər təşkil edirik. Bu səfərlər böyük sektoral sərgilərə və digər kommersiya tədbirlərinə həsr olunur ki, bu da iştirakçılara İtaliya sənətkarlığını öz gözləri ilə görmək, şirkətlərlə tanış olmaq və biznes imkanlarını araşdırmaq imkanı verir. Bu, şirkətlərimiz arasında real əlaqələr qurmağın üçün praktik bir yoludur.
- Qarabağa İtaliya investisiyalarını cəlb etmək məqsədi ilə ölkə investorlarının bölgəyə səfərinin təşkili nəzərdən keçirilirmi?
- Biz bunu diqqətlə izləyirik. İtaliya, xüsusilə yenidənqurma, infrastruktur, bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı və davamlı turizm sahələrində Qarabağın potensialını bilir. Hazırda əsas diqqət gələcəkdə İtaliyanın mümkün investisiyalarına ən yaxşı şəraiti yaratmaq üçün məlumat toplamağa, imkanları təhlil etməyə və yerli hakimiyyət orqanları ilə əməkdaşlığa yönəldilib.
- Orta Dəhliz və Zəngəzur dəhlizi İtaliya biznesi üçün nə dərəcədə maraqlıdır? Onlar Mərkəzi Asiya ölkələrinin bazarlarına çıxış üçün Azərbaycanı nəzərdən keçirirlərmi?
- İtaliya şirkətləri getdikcə daha çox bu Avrasiya nəqliyyat dəhlizlərindəki hadisələrin inkişafını izləyir. Çünki bunlar ticarət marşrutlarının şaxələndirilməsinə və tədarük zəncirlərinin gücləndirilməsinə kömək edə bilər. Azərbaycan hazırda strateji mövqeyi və infrastruktura investisiyaları sayəsində əsas logistika habı kimi nəzərdən keçirilir. Lakin İtaliya şirkətləri seçici olaraq qalırlar. Onlar iqtisadi sabitliyi və səmərəliliyi, eləcə də layihələrin Avropa bazarları ilə nə dərəcədə yaxşı inteqrasiya olunduğunu diqqətlə izləyirlər.
- İtaliya brendlərinin, xüsusilə restoran və mehmanxana biznesi sahəsində Azərbaycan bazarına çıxması imkanı müzakirə olunurmu?
- Bəli, İtaliya brendləri tərəfindən davamlı və praktik maraq müşahidə olunur. İlk növbədə qida və içki məhsulları, mebel və dizayn, kənd təsərrüfatı texnikası, eləcə də moda və geyim kimi sahələrdə bu maraq nəzərə çarpır.
Azərbaycan xüsusilə orta və "premium" səviyyəli seqmentlər, eləcə də keyfiyyətli turizm üçün cəlbedici olan dinamik şəkildə inkişaf edən bazar kimi nəzərdən keçirilir. Bu baxımdan İtaliya adıçəkilən sahələrdə iştirakını genişləndirmək üçün əhəmiyyətli potensiala malikdir.
Agentlik Bakıda 2000-ci ildə daimi ofisimizin açılmasından bəri ardıcıl olaraq İtaliyanın yeni məhsul və brendlərinin Azərbaycan bazarına daxil olmasını və möhkəmlənməsini dəstəkləyir. Ölkəyə olan sadiqliyimizin gücləndirilməsi 2026-cı ildə təşviqat fəaliyyətlərinə investisiyaların planlaşdırılan əhəmiyyətli artımı, o cümlədən Bakıda keçiriləcək iki aparıcı aqrar sərgidə – "Caspian Agro" və "InterFood Azerbaijan"da İtaliyanın genişmiqyaslı iştirakı ilə təsdiqlənir.
- İtalyan və azərbaycanlı sahibkarlar üçün ikitərəfli əməkdaşlığı dəstəkləyən hansı maliyyə və institusional mexanizmlər (ixrac-kredit zəmanətləri, investisiya fondları, risklərin sığortalanması və s.) mövcuddur?
- İtaliya xaricdəki şirkətləri dəstəkləmək üçün geniş alətlər komplektinə malikdir. Bununla belə, SACE ("Servizi Assicurativi del Commercio Estero", İtaliya dövlət İxrac-Kredit Agentliyi - red.) və SIMEST (İtaliya dövlət maliyyə şirkəti - red.) bu məsələlərdə mərkəzi rol oynayırlar.
SACE İtaliya şirkətlərini, onların tərəfdaşlarını kommersiya və siyasi risklərdən qorumaq, ixracı, orta və uzunmüddətli maliyyələşdirməni, həmçinin xarici investisiyaları dəstəkləmək məqsədilə ixrac kreditləri üzrə zəmanətlər və sığorta təklif edir.
SIMEST isə beynəlmiləlləşmə prosesinə maliyyə dəstəyi göstərir. Bu dəstəyə güzəştli kreditlər, xarici layihələrdə pay iştirakı, texniki-iqtisadi əsaslandırmaların hazırlanmasına dəstək və texniki yardım daxildir. SIMEST hətta İtaliya şirkətləri ilə birgə müəssisələrə və ya yerli törəmə şirkətlərə investisiya yatıra bilər ki, bu da uzunmüddətli sənaye tərəfdaşlıqları qurmağa kömək edir.
Bundan əlavə, beynəlxalq və İtaliya bankları, eləcə də çoxtərəfli təşkilatlar fərdi maliyyə həlləri təklif edirlər. Ümumilikdə, bu alətlər riskləri azaldır, maliyyələşdirməyə çıxışı yaxşılaşdırır və sahibkarlarımız arasında davamlı və uzunmüddətli əməkdaşlığa töhfə verir.







