IMG-LOGO

Bakıda II Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu keçirilib

30 Jan 2026 11:53 3 baxış
IMG

Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş II Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə təşkil olunan tədbirdə 500-ə yaxın könüllü iştirak edib.

Forumun əsas məqsədi üzv könüllü təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, dayanıqlı inkişafının təmin edilməsi, könüllü təşkilatları arasında effektiv əlaqələrin qurulması, təcrübə mübadiləsinin təşviqi və kollektiv layihələri həyata keçirmək olub.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev çıxışında gənclərin inkişafının ölkə üçün əhəmiyyətinə toxunub:

"Burada regionlardan olan könüllülər də iştirak edirlər. Onların hər biri istedadlı və bacarıqlı gənclərdir. Gənclərin inkişafı Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Çünki gələcəyimiz istedadlı gənclərin təşəbbüsləri ilə daha da gözəlləşə bilər".

Milli Məclisin deputatı Vüqar İskəndərov Ulu Öndər Heydər Əliyevin dövründən bu günədək gənclərin inkişafı üçün atılan addımlardan danışıb:

"Azərbaycanda könüllülük fəaliyyəti digər ölkələrə nümunə ola biləcək səviyyədədir. Bu, bir günə yaranmayıb. Heydər Əliyevin dövründən formalaşıb. Həm gənclərə göstərilən diqqət, həm də könüllülük fəaliyyəti daim diqqətdə saxlanılıb".

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini, deputat Könül Nurullayeva gəncləri potensiallarını ortaya çıxarmağa çağırıb:

"Azərbaycan gəncləri bacarıqlı və uğurludurlar. Onlar öz potensiallarını ortaya çıxarmalıdılar. Gənclər üçün bu mühiti də yaratmaq bizim üzərimizə düşür".

Azərbaycan Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlallı AKTİ-nin fəaliyyətinə toxunub:

"Azərbaycan Könüllü Təşkilatları İttifaqı fəaliyyətə başlayanda 10 təşkilatla işləyirdisə, artıq bu say 30-a çatıb. Çox sevindirici haldır ki, ittifaqın fəaliyyəti genişləndikcə gənclərə ayrılan diqqət də artır".

Eyni zamanda, forum çərçivəsində "Turizm Könüllüləri" İctimai Birliyinin sədri Nurlana Paşayeva, "Femida Könüllüləri" Təşkilatı İctimai Birliyinin sədri Salman Vahabov öz uğur hekayələrini paylaşaraq könüllülük fəaliyyətinin şəxsi və peşəkar inkişafda mühüm rol oynadığını vurğulayıblar.

Spiker və təlimçi Füsun Bağırlı "Könüllülüyün şəxsi və peşəkar inkişaf üçün yaratdığı imkanlar" mövzusunda çıxış edərək könüllülüyün uzunmüddətli perspektivdə gənclərin həyatına və gələcək karyera seçimlərinə təsirini vurğulayıb.

Sonra gənc regional nümayəndələr və bir qrup könüllü gənclər 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmərəli fəaliyyətlərinə görə mükafatlandırılıblar.

Xəbər lenti