Gələn ay Ukrayna müharibəsinin başlamasının 2 ili tamam olur. Bu müddət ərzində Rusiyaya müqavimət göstərməsi üçün Qərb ölkələri tərəfindən Ukraynaya bir çox fərqli modifikasiyalı silahlar, raket sistemləri, döyüş sursatları, zirehli texnika və artilleriya sistemləri verilib. Həmin silahlar müharibənin gedişinə müəyyən təsir göstərib və Ukraynanın uğurlarında rol oynayıb.
Amma Ukrayna əsas ehtiyac duyduğu silahı - “Taurus” raketlərini israrlı xahişlərinə rəğmən ala bilməyib.
Lent.az xatırladır ki, “Almaniya-İsveç birgə istehsalı olan “Taurus” raketləri təyyarədən buraxılmaqla, 900 saatda kilometr məsafə qət edən, 500 kilometr məsafədə hədəfi dəqiqliklə məhv edən raket sistemidir.
Düzdür, Kiyev “Taurus”un analoqları sayılan Britaniyanın “Storm Shadow” və Fransanın “Scalp” raketlərindən əldə edib. Amma “Taurus” öz analoqlarından bir sıra üstünlükləri ilə fərqlənir.
Onun əsas üstünlüklərindən biri hava hücumundan müdafiə sisteminin radarlarından yayınmaq üçün 50 metrə qədər alçaqdan uça bilməsi, 480 kiloqrama qədər partlayıcı daşıya bilməsindədir. Ümumiyyətlə, “Taurus” körpüləri məhv etmək üçün ən ideal silah hesab olunur.
Onu analoqlarından əvəzedilməz edən iki döyüş başlığının olmasıdır. Mürəkkəb texnologiya sayəsində ilk döyüş başlığı əsas hədəfə gedən yolda maneə yaradan hədəfi, məsələn, körpünü vuran zaman əsas yolu vurur, bu zaman avtomatik olaraq 2-ci və ən güclü döyüş başlığını aktivləşdirir. Bu başlıq isə məsələn körpünün əsas dayaqlarını vurmaq üçün istifadə edilir.
Almaniya “Taurus”un Ukraynaya satışında əsas maneə kimi həmin raketlərin 500 kilometrə qədər radiusda hədəfi vura bilməyi ilə əsaslandırır. Bu baxımdan “Storm Shadow” və Fransanın “Scalp” raketlərinin eksport variantında hədəfi vurmaq məsafəsi 250-270 kilometrlə məhdudlaşdırılıb.
“Taurus” raketlərinin də zərbə məsafəsinin müvafiq müdaxilə edilərsə, 250-300 kilometrə qədər azaldılması imkanı olsa da, həmin elektron məhdudiyyət sisteminin ukraynalı mütəxəssislər tərəfindən asanlıqla zərrrsizləşdirilə biləcəyi ehtimalı da var.
Almaniya Ukraynanın “Taurus” raketlərinin köməyi ilə təkcə Ukrayna ərazisini işğal altındakı ərazilərini deyil, Rusiya ərazilərinin də dərinliklərinə zərbələr endirməsindən ehtiyat edir.
Hazırda Almaniya ordusunun arsenalında 600 “Taurus” raketi var. Onlardan yalnız 300-ə qədəri dərhal tətbiq edilməyə hazır durumdadır. Amma ölkə sənayesinin müvafiq sifariş olarsa, bu raketlərin istehsalını kəskin artıra biləcəyi qeyd olunur.
Ukrayna hələ 2023-cü ilin mayında “Taurus” raketlərinin tədarükü üçün rəsmi Berlinə müraciət edib. Amma bu il yanvarın 18-də Almaniya Bundestaqında keçirilən səsvermə zamanı 485 deputat raketin Ukraynaya verilməsinə qarşı çıxdı, yalnız 178 deputat qərarın lehinə verdi.
Beləliklə, Rusiya-Ukrayna Müharibəsində əsaslı dönüş yarada biləcək silahın Kiyevə verilməsi ehtimalı hazırda real görünmür.