Bu gün Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın davam edən hibrid fəaliyyətləri, xüsusilə də ittifaqa üzv dövlətlərə və tərəfdaşlarına qarşı yönəlmiş informasiya manipulyasiyası ilə əlaqədar daha altı Rusiya vətəndaşına qarşı məhdudlaşdırıcı tədbirlər qəbul edib.
"Report"un Avropa bürosu xəbər verir ki, onların arasında televiziya aparıcıları Dmitri Quberniyev, Yekaterina Andreyeva və Maria Sittel, həmçinin təbliğatçı Pavel Zarubin var.
Onlar Rusiya təbliğat telekanallarında fəaliyyət göstərir, mitinqlər və "Vladimir Putinlə birbaşa xətt" kimi şoular aparırlar, orada Ukraynada müharibə haqqında dezinformasiya yayılır və Rusiya lideri Putinin idarəetmə sistemi təriflənir.
Məhdudiyyətlər həmçinin aktyor Roman Çumakova və Ukrayna əsilli Rusiya balet artisti Sergey Poluninə də şamil olunub.
Qeyd edilib ki, sanksiyalara məruz qalanlar Rusiya-Ukrayna müharibəsinin eskalasiyasına, xüsusilə də Rusiya silahlı qüvvələri üçün vəsait toplayaraq fəal şəkildə töhfə verirlər.
Ümumilikdə, destabilizasiya fəaliyyətləri səbəbindən sanksiya siyahılarına 65 fiziki və 17 hüquqi şəxs daxil edilib. Onlar aktivlərin dondurulmasına məruz qalırlar və Aİ vətəndaşlarına və şirkətlərinə onlara pul vəsaitləri, maliyyə aktivləri və ya iqtisadi resurslar təqdim etmək qadağan edilir. Fiziki şəxslərin Aİ ərazisinə girişi və ya tranziti də qadağan edilir.