Böyük Britaniya və ATƏT-in daha 23 iştirakçı dövləti Gürcüstanda insan hüquqları vəziyyətinin pisləşməsi ilə bağlı narahatlıqlar səbəbindən təşkilatın Moskva Mexanizmini aktivləşdirib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin rəsmi saytında birgə bəyanat dərc olunub.
Bəyanata imza atan ölkələr sırasında Albaniya, Avstriya, Belçika, Bosniya və Herseqovina, Kanada, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Almaniya, İrlandiya, İslandiya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Moldova, Monteneqro, Niderland, Norveç, Sloveniya, Ukrayna, İsveç və Birləşmiş Krallıq yer alır.
Bəyanatda bildirilir ki, ATƏT-in iştirakçı dövləti kimi Gürcüstan insan hüquqlarını və fundamental azadlıqları qorumaq öhdəliyi götürüb. Lakin son dövrdə ölkədə baş verən hadisələr bu öhdəliklərin icrası ilə bağlı ciddi suallar doğurur. Xüsusilə, 28 oktyabr 2024-cü ildə Gürcüstan parlamentinin aparıcı müxalifət partiyalarının fəaliyyətinin qadağan edilməsinə dair prosesə başlaması və bu çərçivədə doqquz müxalifət liderinin ittiham olunması tənqid edilir.
Bu əsaslarla ölkələr 1991-ci il Moskva Görüş Sənədinin 12-ci bəndinə istinad edərək Gürcüstanın ATƏT öhdəliklərinin yerinə yetirilməsini qiymətləndirmək üçün faktaraşdırıcı missiyanın yaradılmasına qərar veriblər.
Missiyanın əsas vəzifələri Gürcüstanda insan hüquqları və fundamental azadlıqlarla bağlı son hadisələri sənədləşdirmək, onların vətəndaş cəmiyyəti, media azadlığı, məhkəmə müstəqilliyi, siyasi plüralizm və qanunun aliliyinə təsirini qiymətləndirmək, eləcə də vəziyyətin yaxşılaşdırılması üçün tövsiyələr hazırlamaq olacaq.
Bəyanatı imzalayan ölkələr Gürcüstan hakimiyyətini missiya ilə əməkdaşlığa çağırıb. Eyni zamanda qeyd edilib ki, Rusiyanın Abxaziya və Cənubi Osetiyada davam edən hərbi mövcudluğu nəzərə alınaraq, missiyanın fəaliyyəti Gürcüstan hökumətinin nəzarətində olan ərazilərlə məhdudlaşacaq.