Milli Məclisin sədri Sahibə Qafarova Omana rəsmi səfəri çərçivəsində Oman Sultanlığı Dövlət Şurasının sədri Şeyx Əbdülməlik Al Xəlili ilə görüşüb.
"Report" xəbər verir ki, görüşdə ölkələr arasında dostluq, qarşılıqlı hörmət və anlayışa əsaslanan ikitərəfli münasibətlərin mövcudluğu vurğulanıb.
Qeyd edilib ki, xalqlar arasında mövcud tarixi, dini və mədəni oxşarlıqlar ölkələrimiz arasında münasibətlərin inkişafı üçün geniş imkanlar yaradır.
Söhbət zamanı iki ölkənin qanunverici orqanları arasındakı əlaqələrə dair fikir mübadiləsi aparılıb və parlamentlər arasındakı qarşılıqlı fəaliyyətin münasibətlərin daha da inkişafına töhfə verdiyi vurğulanıb.
Tərəflər son illərdə parlamentlər səviyyəsində əlaqələrin dərinləşməsindən məmnunluq ifadə ediblər. Xüsusilə parlament sədrləri səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər və müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində təmasların gücləndirilməsi əlaqələrimizin genişlənməsində mühüm amil kimi qiymətləndirilib.
Oman Sultanlığı Dövlət Şurasının sədri Şeyx Əbdülməlik Al Xəlili Milli Məclis sədrinin Omana ilk rəsmi səfərinin iki tərəfli əlaqələrin daha da inkişafına təkan verəcəyinə inamını bildirib.
Vurğulanıb ki, parlamentlər həm ikitərəfli, həm də beynəlxalq parlament platformalarında uğurlu əməkdaşlığa malikdir. O cümlədən Parlamentlərarası İttifaq, Asiya Parlament Assambleyası və İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlarda qarşılıqlı dəstək nümayiş olunur.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulma Hərəkatı Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq Oman parlamentinin təşkilatda fəal iştirakından məmnunluğunu ifadə edib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


