IMG-LOGO

Regionlarda sənaye parklarında sahibkarlığın genişləndirilməsi uğurlu sənayeləşmə siyasətinin nəticəsidir - RƏY

29 Jan 2026 18:42 3 baxış
IMG

Prezident İlham Əliyevin iştirakı ilə yanvarın 27-də Sumqayıt Sənaye Parkında sənaye müəssisələrinin təməlqoyma və açılış mərasimlərinin keçirilməsi bu sahənin ölkənin uzunmüddətli iqtisadi inkişaf strategiyasında prioritet istiqamət kimi müəyyənləşdirildiyini bir daha təsdiqlədi.

Bunu "Report"a Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

O qeyd edib ki, Azərbaycanın müxtəlif regionlarında sənaye parklarının və sənaye məhəllələrinin yaradılması, həmin iqtisadi subyektlərdə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün əlverişli mühitin formalaşdırılması iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi məqsədilə ölkədə reallaşdırılan uğurlu sənayeləşmə siyasətinin nəticəsidir.

"Sənaye zonaları biznes subyektlərinin innovativliyinin və istehsalın səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan məhsul istehsalının təşviqində, ixrac potensialının genişləndirilməsində, eyni zamanda, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır", - o deyib.

Deputat xatırladıb ki, hazırda ölkədə Sumqayıt, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Hacıqabul, Ağdam və Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası" daxil olmaqla 8 sənaye parkı fəaliyyət göstərir. O qeyd edib ki, Naxçıvan Sənaye Parkının, eləcə də Gəncə şəhəri və Şəmkir rayonu ərazisində yeni Qərb Sənaye Parkının yaradılması istiqamətində işlər görülür. Bütün bunlarla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri də istehsal və sahibkarlıq fəaliyyətinin inkişafına töhfə verir.

Milli Məclisin deputatı qeyd edib ki, bu gün dünyanın diqqətini Azərbaycana yönəldən, dövlətin beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirən tarixi sülh sazişi ölkənin əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsində əhəmiyyətli rol oynayacaq.

"Bu gün regionda dayanıqlı sülhün, inkişafın tərəfdarı olan və bunu real addımları ilə təsdiqləyən Azərbaycana beynəlxalq baxış yüksək səviyyədədir. Azərbaycanın iqtisadi, siyasi, diplomatik mərkəz kimi dünyanın diqqətində olması, Prezident İlham Əliyevin qlobal çağırışlarla bağlı Azərbaycanın mövqeyini müxtəlif platformalardan beynəlxalq ictimaiyyətə çatdırması yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə ölkəmizin artan rolunun, söz sahibliyinin nümayişidir. Bugünkü reallıqlarımız Ümummilli Lider Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" çağırışının təqdimatıdır.

Xəbər lenti