"LUKOİL" şirkətinin Kişineu beynəlxalq hava limanındakı aktivləri dövlət mülkiyyətinə keçib.
Bu barədə "Report" Moldova Energetika Nazirliyinə istinadən xəbər verir.
Dövlət Əmlakının İdarə Edilməsi Agentliyi və Kişineu Beynəlxalq Hava Limanı yanvarın 29-u inventarizasiyanı tamamlayıb və "LUKOİL Moldova" şirkəti ilə hava limanının tərkibinə daxil olan neft kompleksinin qəbul-təhvil sənədlərini imzalayıblar. Beləliklə, İnvestisiyaların Ekspertiza Şurasının (CEIISS) 15 dekabr 2025-ci il tarixli qərarına uyğun olaraq, "LUKOİL"a məxsus olan və hava limanı ərazisində yerləşən əmlak dövlətə qaytarılıb.
Qeyd olunub ki, "LUKOİL" aktivləri cari ilin yanvarın 9-dan əvvəl təhvil verməli idi. Şirkət bu tələbi yerinə yetirmədiyi üçün, Şura 16 yanvarda 5 milyon ley (297,4 min dollar) məbləğində cərimə tətbiq edib, hansı ki, bu həftə ödənilib.
Eyni qərarla "LUKOİL"in dövlət təhlükəsizliyi üçün strateji əhəmiyyətli bölgələrdəki fəaliyyəti dayandırılıb və aktivlərin təhvil verilməsi üçün son müddət yanvarın 28-nə qədər müəyyən edilib.
Moldovadakı "LUKOİL" yanacaqdoldurma məntəqələrinə gəldikdə, onların ABŞ investisiya fondu "Carlyle Group"a ötürülməsi planlaşdırılır. "Moldova qanunvericiliyinə uyğun olaraq, yeni elan edilmiş səhmdar investisiyanın təsdiqlənməsini tələb etməlidir, CEIISS isə bu məsələ ilə bağlı qərar təqdim etməlidir", - məlumatda bildirilib.