Avropa Komissiyası (AK) Avropa İnvestisiya Bankı (EIB) ilə birgə Ukraynanın "Naftoqaz" milli enerji şirkətinə 50 milyon avro məbləğində əlavə kredit ayırıb.
"Report" xəbər verir ki, bu barədə AK-nın bəyanatında deyilir.
Bu vəsait müharibənin əvvəlindən bəri son dərəcə sərt keçən qış mövsümündə Ukraynanın enerji sistemini dəstəkləyəcək. Maliyyələşdirmə ölkə ərazisində ev təsərrüfatları, kritik xidmətlər və müəssisələr üçün istilik və enerji təchizatını təmin etməyə kömək edəcək.
"50 milyon avro məbləğində təcili kredit nəzərdə tutulan bir çox əlavə tədbirlərdən biridir. Biz ukraynalılara kömək etmək üçün bütün mümkün variantları nəzərdən keçiririk", - Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos bildirib.
Bu kredit "Ukraine Facility" proqramının bir hissəsidir. Onun sayəsində 2025-2026-cı illərin qış mövsümündə təcili ehtiyaclar üçün qaz alışına Aİ-nin dəstəyinin ümumi məbləği 977 milyon avroya çatıb.
Qeyd edək ki, bu gün Aİ həmçinin Ukraynaya mənzil, ərzaq, maliyyə yardımı, psixososial dəstək, su və tibbi xidmətlərə çıxış üçün 145 milyon avro ayrıldığını təsdiqləyib.