2025-ci ildə İpoteka və Kredit Zəmanət Fondu korporativ istiqrazlara 6 milyon manatlıq zəmanət verib.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, ölkə Prezidentinin 24 avqust 2022-ci il tarixli fərmanına əsasən, qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığını artırmaq məqsədilə sahibkarlığa dəstək alətlərinin çeşidi artırılıb və iki yeni alətin - sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat mexanizmlərinin tətbiqinə başlanılıb.
Belə ki, ötən il istiqraz emissiyası üzrə öhdəliklərin təmin edilməsi mexanizmi çərçivəsində 10 milyon manatlıq istiqraz buraxılışına 6 milyon manat zəmanət təqdim edilib.
Sahibkarların manatla əldə etdikləri kreditlər üzrə isə portfel zəmanət mexanizmi çərçivəsində 360 sahibkarın 5,33 milyon manat məbləğində kreditinə 4 milyon manat zəmanət verilib.