Azərbaycanda məlumat tranziti strategiyasının formalaşdırılması və beynəlxalq koordinasiyanın təmin edilməsi məqsədilə xüsusi agentlik və ya struktur bölmənin yaradılması təklif olunur.
"Report" xəbər verir ki, belə təkliflə Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") "Ağ sənəd 2025" adlı hesabatında çıxış edir.
Sənəddə bildirilir ki, sərhədlərarası məlumat axınının maneəsiz və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün tranzit trafikinə vergi güzəştləri, eləcə də regional məlumat mübadiləsi sazişlərini əhatə edən hüquqi və fiskal islahatlar qəbul edilməlidir.
Hesabatda vurğulanır ki, Azərbaycanın regional məlumat tranzit mərkəzinə çevrilməsi üçün əlverişli strateji coğrafi mövqeyi olsa da, köhnəlmiş hüquqi baza, tənzimləmə ilə bağlı qeyri-müəyyənlik və ikiqat vergitutma riskləri bu potensialın reallaşmasını məhdudlaşdırır. Qeyd olunur ki, effektiv sərhədlərarası məlumat siyasətinin olmaması investorlar üçün riskləri artırır və ölkənin mövcud üstünlüklərindən tam istifadə etməsinə mane olur.
Bundan əlavə, sənəddə rəqəmsal infrastruktur layihələrinin icrasının uzun müddət tələb etdiyi bildirilir. Bunun əsas səbəbi icazə prosedurlarının vahid şəkildə təşkil olunmaması və tənzimləyici tələblərin bir-birini təkrarlamasıdır. Bu isə layihələrin gecikməsinə, xərclərin artmasına və investisiya marağının azalmasına səbəb olur.
"AmCham" hesab edir ki, telekommunikasiya və İT infrastrukturu üzrə icazə və qeydiyyat prosedurları sadələşdirilməli və rəqəmsallaşdırılmalıdır: "Bu məqsədlə dövlət qurumları arasında harmonizasiya olunmuş, müddətləri əvvəlcədən müəyyən edilmiş və məsuliyyət mexanizmləri ilə təmin olunan "bir pəncərə" sisteminin yaradılması tövsiyə edilir".