Ö
Azərbaycanda ölkə üzrə kibertəhlükəsizlik idarəçiliyinə nəzarəti həyata keçirəcək, hüquqi mandat əsasında fəaliyyət göstərən milli kibertəhlükəsizlik koordinasiya mərkəzinin yaradılması təklif olunur.
"Report" xəbər verir ki, bu təkliflə Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") dərc etdiyi "Ağ sənəd 2025" adlı hesabatında çxış edir.
Sənəddə bildirilir ki, bu qurum dövlət və özəl sektor üçün minimum kibertəhlükəsizlik standartlarını müəyyən etməli, real vaxt rejimində kibertəhlükə kəşfiyyatı üzrə məlumat mübadiləsini təmin etməli və milli səviyyədə kibertəhlükəsizlik insidentlərinə cavab fəaliyyətini koordinasiya etməlidir. "AmCham" ekspertlərinin fikrincə, mərkəzin fəaliyyətində müdafiə, maliyyə, telekommunikasiya və enerji sektorlarının təmsilçiliyinin təmin olunması sektorlararası əməkdaşlığı gücləndirəcək.
Hesabatda, həmçinin tənzimləyici stimullar və maarifləndirmə proqramları vasitəsilə kiber sığortanın tətbiqinin təşviq edilməsi, sığorta şirkətləri və tənzimləyici qurumlarla birgə milli kiber sığorta yol xəritəsinin hazırlanması tövsiyə olunur. Qeyd edilir ki, universitetlər və beynəlxalq kibertəhlükəsizlik institutları ilə tərəfdaşlıq çərçivəsində insan kapitalının və institusional potensialın inkişafı dəstəklənməlidir.
Sənəddə vurğulanır ki, hazırda Azərbaycanda kibertəhlükəsizlik üzrə idarəetmə mərkəzləşdirilməmiş xarakter daşıyır: "Dövlət qurumları, kritik infrastruktur operatorları və özəl sektor arasında mandatların üst-üstə düşməsi və koordinasiyanın zəifliyi müşahidə olunur. Eyni zamanda, milli kibertəhlükə kəşfiyyatını idarə edən, minimum standartları müəyyən edən və genişmiqyaslı insidentlərə cavab prosesinə nəzarəti həyata keçirən vahid mərkəzi orqan mövcud deyil".
Nəticədə təhdidlərin aşkarlanması və cavabvermə müddətləri qeyri-sabit qalır, hazırlıq səviyyəsi zəifləyir. Bu vəziyyət artan geosiyasi gərginlik və rəqəmsal asılılıq fonunda milli təhlükəsizlik, iqtisadi sabitlik və vətəndaş etimadı üçün ciddi risklər yaradır".