Azərbaycanda "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastr" informasiya sisteminin yaradılması istiqamətində işlər davam etdirilir və sistemin bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, sözügedən sistem Azərbaycan Prezidentinin 17 noyabr 2023-cü il tarixli 2324 nömrəli Fərmanına uyğun olaraq yaradılır.
Sədr bildirib ki, fərmanın 3.1-ci bəndinə əsasən "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastr" informasiya sistemi haqqında Əsasnamə layihəsi hazırlanıb, aidiyyəti qurumların rəyləri nəzərə alınmaqla yenidən işlənib və razılaşdırılması üçün təqdim edilib.
Eyni zamanda, fərmanın 3.2-ci bəndinə uyğun olaraq müvafiq normativ-hüquqi akt layihələri hazırlanıb, aidiyyəti qurumlarla razılaşdırılıb və Nazirlər Kabinetinə təqdim olunub.
N.Almovanın sözlərinə görə, yeni sistem daşınmaz əmlakın kadastr və reyestr məlumatlarının vahid elektron platformada toplanmasına, məlumat mübadiləsinin sürətlənməsinə, xidmətlərin daha operativ və şəffaf göstərilməsinə imkan verəcək