Azərbaycanda fərdi yaşayış evləri üzrə sənədsiz tikililərin sayı qeyri-yaşayış obyektlərindən ən azı 10 dəfə çoxdur.
"Report" xəbər verir ki, bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova "Daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahəsində 2025-ci ildə görülmüş işlərə dair təqdimat" zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda təqribən 400-500 min civarında sənədsiz və ya sənədləşdirilməsi mümkün olmayan tikili mövcuddur: "Bu tikililərin dəqiq statistikasını müəyyən etmək üçün genişmiqyaslı inventarlaşdırma işlərinin aparılması tələb olunur. Qeyri-yaşayış tikililəri üzrə daxil olan müraciətlərin təhlili göstərir ki, fərdi yaşayış tipli sənədsiz tikililərin sayı daha çoxdur və bu göstərici həmin obyektlərdən ən azı 10 dəfə artıq ola bilər".
N.Alimova qeyd edib ki, aparılacaq sistemli uçot və inventarlaşdırma tədbirləri sənədsiz tikililərin hüquqi statusunun müəyyənləşdirilməsinə və daşınmaz əmlakın qeydiyyatının daha dəqiq aparılmasına imkan verəcək.