IMG-LOGO

AMFA: Əsas çağırışlardan biri maliyyələşmə imkanının genişləndirilməsidir

29 Jan 2026 10:51 3 baxış
IMG

"Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin üzvü olan bank və bank olmayan kredit təşkilatlarının (BOKT) əsas çağırışlarından biri maliyyələşmə imkanlarının genişləndirilməsidir.

Bunu "Report"a açıqlamasında AMFA-nın icraçı direktoru Jalə Hacıyeva bildirib.

"Problem xüsusilə yerli valyutada vəsaitlər cəlb etməklə bağlıdır. İndiyə qədər institusional investorlar xarici valyutada investisiya kapitalı təmin ediblər. Amma bu gün bu resursun daha ucuz və əlçatan olması üçün onun yerli valyutada cəlb edilməsi çox vacibdir. ​Bu istiqamətdə biz "Bakı Fond Birjası" QSC və "Azərbaycan Kapital Bazarları Assosiasiyası" İctimai Birliyi ilə müzakirələr aparırıq. Bu gün İnvestor-Mikromaliyyə Forumunu keçirməkdə məqsədimiz odur ki, Assosiasiyanın üzvləri olan investisiya şirkətləri və onların müştəriləri BOKT-lara yatırım etməklə, onların istiqrazlarını almalda bizə dəstək olsunlar. ​Bu, ölkədə mikrosahibkarlığın inkişafına təkan verəcək. Çünki maliyyə resurslarına tələb təklifdən daha çoxdur", - deyə o qeyd edib.

J.Hacıyevanın sözlərinə görə, ​BOKT-ların istiqrazlara görə təklif etdiyi illik gəlirlilik 15 % civarındadır ki, bu da depozit faizlərindən yüksəkdir: "İstiqrazları almaqla investorlar həm də portfelin diversifikasiyasını təmin edəcək, eyni zamanda Azərbaycanda özünüməşğulluğun artırılmasına dəstək olacaq. Çünki BOKT-ların əsas hədəf müştəriləri kəndli-fermer təsərrüfatları, regionlarda yaşayan insamlardır. ​İnanırıq ki, bu forum ölkədə fəaliyyət göstərən 54 BOKT üçün kapital resursuna çıxış kimi qiymətləndiriləcək".

"Biz mikromaliyyə bazarının dayanıqlılığının artırılması üçün təkliflər veririk, Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiqlədiyi "Strateji Çərçivə Sənədi" üzrə müxtəlif işçi qruplarında iştirak edirik. Məqsədimiz Azərbaycanda maliyyə əlçatanlığının artırılması üzrə requlyatorın planlaşdırdığı yeniliklərə hazır olmaqdır. Buraya kibertəhlükəsizlik, kredit risklərinin idarə edilməsi, çirkli pulların yuyulmasına qarşı mübarizə, rəqəmsallaşma daxildir. AMB-nin qaydalarına uyğun olaraq BOKT-ların korporativ idarəetməsində texniki bacarıqların artırılmasına dəstək vermək istəyirik", - deyə J.Hacıyeva əlavə edib.

Xəbər lenti