2025-ci ildə Naxçıvan Muxtar Respublikasında dövlət dəstəyi və özəl investisiya qoyuluşu hesabına 146 istehsalat və xidmət layihəsi icra edilib.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliyev ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə muxtar respublikada sahibkarlıq sahəsində 97-i dövlət maliyyə dəstəyi, 49-u özəl investisiya hesabına layihə həyata keçirilir: "Hazırda isə 113 layihə üzrə işlər davam etdirilir".
Nazir bildirib ki, 2025-ci ildə Naxçıvanda sahibkarlıq fəaliyyəti üzrə 47 lisenziya verilib: "Lisenziyaların 42,6 %-i əczaçılıq, 12,8 %-i baytarlıq, 10,6 %-i yükdaşıma, 8,5 %-i rabitə, 4,2 %-i tikinti , 21,3 %-i isə digər fəaliyyət növlərinə aiddir. Naxçıvanın müvafiq qurumları tərəfindən verilmiş 9752 icazə reyestrdə qeydiyyata alınıb, icazələrdən büdcəyə 231,6 min manat vəsait daxil olub".
O qeyd edib ki, 2024-cü illə müqayisədə icazələrin sayı 81,5 %, icazələrdən daxilolmalar isə 49,2 % artıb.