IMG-LOGO

Cinayət işinin araşdırılmasında elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir

29 Jan 2026 10:00 3 baxış
IMG

Cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən elektron verilənlər, o cümlədən abunəçi məlumatları, trafik və ya məzmun verilənləri cinayət prosesini həyata keçirən orqanın qərarı ilə elektron formada sübut hesab ediləcək.

"Report" xəbər verir ki, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik təklif edilir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişikliyə görə, elektron formada sübutlar və onların saxlanıldığı daşıyıcılar bir sıra hallar istisna olmaqla cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılacaq.

Qeyd olunub ki, elektron formada sübutlar və onların saxlanıldığı daşıyıcılar tamlığı və təhlükəsizliyi təmin ediləcək şəkildə qorunub saxlanılmalıdır.

Dəyişikliyə görə, götürülmüş və işə əlavə edilmiş elektron formada sübutları cari uçot, hesabat va digər hüquqauyğun məqsədlər üçün qanuni sahib tələb etdikdə, ona həmin elektron formada sübutlardan və ya onların saxlanıldığı daşıyıcılardan müvəqqəti istifadə etmək və ya elektron verilənlərin surətini çıxarmaq imkanı verilməlidir.

Sənədə görə, məhkəmənin hökmü qanuni qüvvəyə mindiyi gündən bir il keçdikdən sonra və ya cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı qüvvəyə mindikdən sonra cinayət təqibi üzrə icraatın materiallarında olan elektron formada sübutlar və ya onların saxlanıldığı daşıyıcılar qanuni sahiblərinin xahişi ilə onlara qaytarıla bilər. Bu halda müstəntiq, prokuror və ya məhkəmə qaytarılan elektron formada sübutların surətlərini çıxarmalı, doğruluğunu təsdiq etməli və cinayət təqibi üzrə icraatın materiallarında saxlamalıdır.

Qanun layihəsində vurğulanıb ki, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən İKT sistemində, onun hissələrində və ya daşıyıcılarda saxlanılan elektron verilənlərin, o cümlədən xidmət provayderində saxlanılan məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin) itkiyə və ya modifikasiyaya məruz qalmasının qarşısını almaq məqsədilə cinayət prosesini həyata keçirən orqanın əsasında beynəlxalq təhlükəsizlik standartlarına uyğun olaraq şifrləmə və ya digər müvafiq texniki tədbirlər görülür. Cinayət prosesini həyata keçirən orqanın bu barədə qərarında şifrləmə və ya digər texniki tədbirin obyekti, məzmunu, müddəti, şərtləri, tədbirlərin görülməsi tapşırılan şəxslər və əhəmiyyət kəsb edən digər hallar göstərilir. Şifrləmə və ya digər texniki tədbirlər sahibliyində müvafiq elektron verilənlər olan fiziki və ya hüquqi şəxslər, yaxud cinayət prosesini həyata keçirən orqanın müəyyən etdiyi digər şəxslər tərəfindən görülür.

Layihəyə görə, elektron verilənlərin şifrləmə və ya digər müvafiq texniki tədbirlər tətbiq edilsə də, itkiyə və ya modifikasiyaya məruz qala biləcəyini güman etməyə kifayət qədər əsaslar olduqda, cinayət prosesini həyata keçirən orqan sahibliyində belə elektron verilənlər olan fiziki, hüquqi və ya vəzifəli şəxsə həmin elektron verilənlərin, o cümlədən xidmət provayderində saxlanılan məlumatların (abunəçi elektron verilənlər olan fiziki və ya hüquqi şəxslər, yaxud cinayət prosesini həyata keçirən orqanın müəyyən etdiyi digər şəxslər tərəfindən görülür.

Layihədə bildirilib ki, elektron verilənlərin şifrləmə və ya digər müvafiq texniki tədbirlər tətbiq edilsə də, itkiyə və ya modifikasiyaya məruz qala biləcəyini güman etməyə kifayət qədər əsaslar olduqda, cinayət prosesini həyata keçirən orqan sahibliyində belə elektron verilənlər olan fiziki, hüquqi və ya vəzifəli şəxsə həmin elektron verilənlərin, o cümlədən xidmət provayderində saxlanılan məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin) 90 gündən çox olmayan müddət ərzində mühafizə və toxunulmazlığının təmin edilməsinin tapşırılması barədə qərar qəbul edə bilər. Bu müddət cinayət təqibi üzrə icraat başa çatanadək uzadıla bilər. Cinayət prosesini həyata keçirən orqanın qərarında mühafizə edilməsi nəzərdə tutulan elektron verilənlərin məzmunu, mühafizənin müddəti, şərtləri, mühafizənin təmin edilməsi tapşırılan şəxslər və əhəmiyyət kəsb edən digər hallar göstərilir. Mühafizənin təmin edilməsi ilə bağlı tədbirlər sahibliyində müvafiq elektron verilənlər olan fiziki və ya hüquqi şəxslər, yaxud cinayət prosesini həyata keçirən orqanın müəyyən etdiyi digər şəxslər tərəfindən görülür.

Sənəddə vurğulanıb ki, elektron verilənlərin mühafizəsi tapşırılmış şəxs bu cür prosedurların həyata keçirilməsi ilə bağlı konfidensiallığı qorumalıdır.

Xəbər lenti