Bali adasındakı Denpasar Beynəlxalq Hava Limanı Nipah virusunun mümkün yayılması ilə bağlı narahatlıqlar fonunda ölkəyə gələn sərnişinlər üçün yoxlamanı gücləndirib.
"Report"un məlumatına görə, bu barədə "Antara" agentliyi xəbər yayıb.
Aeroportda bu məsələ ilə bağlı termal skanerlərin quraşdırıldığı qeyd olunur. Vurğulanır ki, hava limanı administrasiyası İndoneziya Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edir. Daha əvvəl Cakartadakı Sukarno-Hatta Beynəlxalq Hava Limanında da sanitar yoxlamanı gücləndirmək üçün tədbirlər görülüb.
İndoneziyanın sanitar xidmətinin məlumatına görə, Nipah virusunun yayılması ilə bağlı heç bir hal qeydə alınmayıb.
Xatırladaq ki, Nipah virusuna yoluxmanın son iki təsdiqlənmiş halı 2025-ci ilin dekabr ayından bəri Hindistanın Qərbi Benqal əyalətində qeydə alınıb. Hindistan Səhiyyə Nazirliyi bəzi media orqanlarının ölkədə artıq beş belə halın olması ilə bağlı iddialarını təkzib edib.