Almaniya kansleri Fridrix Merts ölkə hökumətinin elektrik şəbəkəsi də daxil olmaqla, kritik infrastrukturun mümkün hücumlardan qorunmasını gücləndirmək niyyətində olduğunu açıqlayıb.
"Report"un məlumatına görə, o, bu açıqlamanı cari ildə koalisiya komitəsinin ilk iclasından sonra verib.
"Hər şeydən əvvəl bu o deməkdir ki, biz artıq bu infrastruktur haqqında məlumatları ictimaiyyət üçün bu qədər asanlıqla əldə etməməliyik", - Merts deyib.
Onun sözlərinə görə, bu, xüsusən geoməlumatlara və təhlükəsizlik məsələləri ilə bağlı digər informasiyalara aiddir. "Həddindən artıq şəffaflıqdan uzaqlaşıb, daha böyük dayanıqlığa doğru hərəkət etməliyik", - kansler vurğulayıb.
Merts qeyd edib ki, federal və ərazi hökumətləri gələcəkdə kritik infrastruktur haqqında açıqlanacaq məlumatların əhatə dairəsini yenidən nəzərdən keçirməlidirlər. Bundan əlavə, o bildirib ki, hadisə baş verdikdə dəyən ziyan daha tez bərpa olunmalıdır. Kansler xatırladıb ki, hökumət artıq Bundestaq tərəfindən nəzərdən keçirilməli və qəbul edilməli olan kritik infrastruktur haqqında hərtərəfli qanun layihəsini təqdim edib.
O, qeyd edib ki, Berlindəki elektrik kəsintisi Almaniyanın infrastrukturunun sabit işləməsindən nə qədər asılı olduğunu nümayiş etdirib. Bu baxımdan, koalisiya tərəfdaşları - XDİ/XSİ və ASDP - həmçinin vacib infrastrukturun qorunması, eləcə də "dayanıqlılıq və suverenlik gündəliyi"ni müzakirə ediblər.