IMG-LOGO

Naxçıvanın gəlirləri üzrə ümumi daxilolmalar 450,7 mln manat təşkil edib

28 Jan 2026 23:14 2 baxış
IMG

2025-ci ildə Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri 450,7 milyon manat, büdcə xərcləri isə 445,7 milyon manat həcmində icra olunub.

"Report"un yerli bürosunun məlumatına görə, büdcə gəlirləri təsdiq olunmuş plana qarşı 91,4 faiz, xərclər isə təsdiqlənmiş plana qarşı 88,2 faiz səviyyəsində yerinə yetirilib.

Gəlirlərin icrasında yerli yığımlar 290,7 milyon manat təşkil etməklə plana qarşı 140,1 faiz, dövlət büdcəsindən ayrılan dotasiya isə 160,0 milyon manat olmaqla 56,0 faiz səviyyəsində icra olunub.

Gəlirlərin daxilolma mənbələri:

Hesabat ilində büdcə gəlirlərinin əsas hissəsi vergi və digər mənbələr hesabına təmin edilib. Belə ki, vergi orqanlarının xətti ilə daxilolmalar 260,4 milyon manat, gömrük orqanlarının xətti ilə daxilolmalar 18,3 milyon manat olub. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən 2,5 milyon manat, sair daxilolmalardan 8,0 milyon manat, məqsədli büdcə fondu üzrə 1,0 milyon manat, dövlət əmlakının icarəsindən isə 0,5 milyon manat vəsait daxil olub. Bununla yanaşı, Azərbaycanın dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına 160,0 milyon manat dotasiya ayrılıb. Ümumilikdə gəlirlər üzrə daxilolmalar 450,7 milyon manat təşkil edib.

Xərclərin funksional istiqamətləri:

Büdcə xərcləri əsasən sosial və iqtisadi sahələrin maliyyələşdirilməsinə yönəldilib. Təhsil sahəsinə 151,7 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına 81,8 milyon manat, ümumi dövlət xidmətlərinə 69,1 milyon manat vəsait ayrılıb. İqtisadi fəaliyyətin dəstəklənməsinə 31,8 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasətinə 24,1 milyon manat yönəldilib. Bundan əlavə, mənzil və kommunal təsərrüfatına 14,0 milyon manat, ətraf mühitin mühafizəsinə 11,6 milyon manat, səhiyyəyə 10,8 milyon manat, sosial müdafiə və sosial təminata 10,3 milyon manat, kənd təsərrüfatına isə 6,7 milyon manat vəsait xərclənib.

Əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər 33,8 milyon manat təşkil edib. Ümumilikdə xərclərin həcmi 445,7 milyon manat olub.

Xəbər lenti