IMG-LOGO

Gürcüstanda qrantlar haqqında qanuna və Cinayət Məcəlləsinə sərt dəyişikliklər təklif olunur

28 Jan 2026 20:30 3 baxış
IMG

Gürcüstanda qrantlar haqqında qanuna və Cinayət Məcəlləsinə sərt dəyişikliklər təklif olunur.

"Report"un yerli bürosu xəbər verir ki, "Gürcü Arzusu" partiyasının sədri İrakli Kirtsxaliya ölkədə iğtişaş və zorakılığın xaricdən maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə qrantlar haqqında qanuna və bir sıra digər qanunvericilik aktlarına dəyişikliklər paketi təqdim edib.

Kirtsxaliyanın sözlərinə görə, son illərdə hökuməti devirməyə yönəlmiş cəhdlərdə xaricdən maliyyələşdirilən QHT-lər və radikal müxalifət fəal iştirak edib və bu səbəbdən mövcud mexanizmlərin daha da sərtləşdirilməsinə ehtiyac var.

Təklif olunan dəyişikliklərə əsasən, Gürcüstanın daxili və ya xarici siyasətinə təsir məqsədi daşıyan bütün maliyyə vəsaitləri, o cümlədən nağd, natura, texniki yardım, xidmət, bilik və ekspert dəstəyi qrant hesab olunacaq və yalnız hökumətin əvvəlcədən razılığı ilə qəbul edilə biləcək. Xaricdə qeydiyyatdan keçmiş, lakin əsas fəaliyyəti Gürcüstanla bağlı olan təşkilatlar da qrant almaq üçün hökumətdən icazə almalı olacaqlar.

Qanun layihəsi qeyri-rezident hüquqi şəxslərin filialları üçün də məhdudiyyətlər nəzərdə tutur. İcazəsiz qrant alan filiallara qanunsuz məbləğin ikiqatı həcmində cərimə tətbiq ediləcək.

Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən, qrant qanunvericiliyinin pozulması 6 ilədək azadlıqdan məhrumetmə ilə nəticələnə bilər. Siyasi məqsədlərlə çirkli pulların yuyulması isə 9 ildən 12 ilədək həbs cəzası ilə cəzalandırılacaq. Xarici maliyyə qəbul edən siyasi partiya rəhbərləri və xarici lobbiçilik fəaliyyəti ilə məşğul olan şəxslər də cinayət məsuliyyəti daşıyacaq.

Bundan əlavə, illik gəlirinin 20 faizindən çoxunu xarici mənbələrdən alan təşkilatlarda çalışan şəxslərin 8 il müddətinə siyasi partiya üzvü olması qadağan edilir. Siyasi partiyaların maliyyə fəaliyyətinə nəzarət isə Dövlət Audit İdarəsinə həvalə olunacaq.

Qanun layihəsi sahibkarlıq subyektlərinin əsas fəaliyyətindən kənar ictimai-siyasi fəaliyyətini də məhdudlaşdırır. Bu qaydanın pozulması halında cərimə nəzərdə tutulur.

Xəbər lenti