İran ABŞ və İsraillə münaqişənin üçüncü mərhələsinə qədəm qoyur.
"Report" xəbər verir ki, bu barədə TASS İran xarici işlər nazirinin müavini Kazım Qəribabadinin bəyanatına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, ilk iki mərhələ 2025-ci ilin iyununda 12 günlük müharibə və Vaşinqtonun 2026-cı ilin yanvarında ölkədə təşkil etdiyi iğtişaşlar olub.
"Ümumilikdə hələlik üç mərhələ mövcuddur. Birinci mərhələ 12 günlük müharibə, ikincisi - müharibənin bitməsindən cəmi yeddi ay sonra baş verən iğtişaşlar olub. İndi biz üçüncü mərhələyə daxil oluruq", - deyə o bildirib.
O qeyd edib ki, hazırda İranın ətrafında baş verənlər münaqişənin növbəti mərhələsinin başlanğıcıdır.
"Bəli, onlar taktikalarını dəyişiblər, lakin əvvəlki mərhələlərdə olduğu kimi bu mərhələdə də məğlub olacaqlar", - XİN başçısının müavini əlavə edib.
O qeyd edib ki, Tehran heç vaxt müharibə istəməyib və indi də istəmir, lakin "özünü müdafiə etməyi" bacarmağı zəruri hesab edir və diplomatik arenada irəliləyiş əldə edilsə belə, müdafiəsini gücləndirməyə davam edəcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu gün "Truth Social" şəbəkəsindəki paylaşımında İranı nüvə sazişi bağlamaqdan imtina edəcəyi təqdirdə yeni hücumla hədələyib.