IMG-LOGO

Bakıda Kubanın milli qəhrəmanı Xose Martinin xatirəsi anılıb

28 Jan 2026 14:43 2 baxış
IMG

Bakıda görkəmli Kuba siyasətçisi, mütəfəkkiri və Kubanın milli qəhrəmanı Xose Martinin anım günü keçirilib.

"Report" xəbər verir ki, anım tədbiri Kubanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

Tədbir zamanı iştirakçılar Xose Martinin xatirəsini anıblar, onun Kubanın müstəqilliyi uğrunda mübarizəyə, ölkənin milli kimliyinin formalaşmasına və azadlıq, ədalət və insan ləyaqəti ideyalarının inkişafına verdiyi töhfəni vurğulayıblar.

Ölkəmizdəki Kuba səfiri Karlos Enrike Valdes salamlama nitqi ilə çıxış edib. Kubalı diplomat Martinin həm siyasi, həm də ədəbi irsinin əhəmiyyətini vurğulayıb və bu irsin bu gün Kubadan kənarda da aktuallığını qoruduğunu qeyd edib.

"Xose Marti - İspaniya müstəmləkəçiliyinə və Latın Amerikası ölkələrinə yönəlmiş yaranmaqda olan Amerika imperializminin ekspansionizminə qarşı mübarizə aparan ən görkəmli liderlərdən biridir. Məşhur yazıçı, şair, natiq və jurnalist. İnqilabi demokrat, sadə xalqın müdafiəçisi, ağ və qara dərili kubalılar arasında bərabər hüquqlar və birlik uğrunda mübarizə aparan şəxs. 1892-ci il aprelin 10-da elan olunmuş Kuba inqilabi partiyasının təsisçisi və bu partiyadan yekdilliklə nümayəndə seçilmiş adam", - Valdes bildirib.

Kuba səfiri çıxışında həmçinin Karib hövzəsindəki cari vəziyyətə qısaca toxunub və regionda davam edən gərginliyə xüsusi diqqət yetirib. Xüsusilə, o, Venesueladakı hadisələrin gedişi ilə bağlı narahatlığını ifadə edib və regional sabitliyin və dialoqun vacibliyini vurğulayıb.

Tədbirdə Venesuelanın Azərbaycandakı səfiri Kristofer Martines də iştirak edib. O, çıxışında Venesuela üçün çətin dövrdə kubalı həmkarına davamlı dəstək və həmrəyliyə görə minnətdarlığını bildirib və mövcud çağırışlar şəraitində beynəlxalq qarşılıqlı fəaliyyətin və qarşılıqlı anlaşmanın əhəmiyyətini qeyd edib.

Xəbər lenti