Mütəxəssislərin fikrincə, iş gününün ortasında nahar fasiləsi vermək son dərəcə vacibdir. Alimlər bildirirlər ki, bu fasilədən imtina etmək əmək effektivliyini aşağı salır, stress səviyyəsini yüksəldir və uzun müddətdə emosional tükənmişliyə gətirib çıxara bilər.
Lent.az xəbər verir ki, bir çox iri şirkətlər əməkdaş məmnuniyyətini artırmağa çalışdıqlarını bildirir, işəgötürənlərin təxminən 80 faizi işçilərin rifahının onlar üçün prioritet olduğunu deyir.
Araşdırmalar göstərir ki, reallıqda vəziyyət fərqlidir. İşçilərin təxminən 80 faizi nahar fasiləsini mütəmadi olaraq nəzərə almır.Araşdırmaya qatılanların 67 faizi bu vərdişin psixoloji vəziyyətlərinə mənfi təsir etdiyini, 53 faizi isə fiziki sağlamlıqlarına zərər verdiyini qeyd edib.
Psixoloq və məsləhətçi Anuşka Daulinqlə görə, fasiləsiz uzun müddət işləmək təkcə fiziki yorğunluğa deyil, həm də qərarvermə qabiliyyətinin zəifləməsinə səbəb olur. Onun sözlərinə görə, fasilədən imtinanın məhsuldarlığı artırdığı düşüncəsi geniş yayılmış yanlış fikirdir. Əslində isə beyin lazımi dincəlmə əldə etmir, stress artır və iş qabiliyyəti azalır.
Bundan əlavə, uzun müddət hərəkətsiz oturmaq onurğa və oynaq problemlərini dərinləşdirə, eyni zamanda ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Emosional nəticələr isə çox vaxt gözə çarpmır, lakin onlar da az təhlükəli deyil.
Sorğuda iştirak edənlərin təxminən 31 faizi telefonda fasilə ilə bağlı xatırladıcının onlara nahar vaxtını ayırmaqda kömək edə biləcəyini etiraf edib. Mütəxəssisin fikrincə, bu, sıx iş qrafiki şəraitində belə özünə qayğı göstərməyin sadə və əlçatan yoludur.
Anuşka Daulinq vurğulayır ki, şəxsi rifahı prioritetə çevirmək və tükənmişlikdən qorunmaq üçün əvvəlcədən strategiyalar qurmaq vacibdir. İlk baxışda fasiləyə vaxt yoxdur kimi görünsə də, uzunmüddətli perspektivdə bu addım ciddi fayda verir.
Psixoloqun sözlərinə görə, bununla yanaşı, iş prosesinin təşkilində daha dərin dəyişikliklərə də ehtiyac var. İşəgötürənlər təkcə fasiləyə icazə verməməli, həm də işçiləri vaxtında dincəlməyə təşviq etməlidirlər. Korporativ mədəniyyət istirahətin norma sayılıb-sayılmadığını müəyyən edir və bu da sağlam və dəstəkləyici iş mühitinin əsas göstəricilərindən biridir.
iş fasilə