Rusiya Avropanın təhlükəsizliyinə əsas uzunmüddətli təhdid olaraq qalır, lakin Avropa İttifaqı (Aİ) Çin tərəfindən artan təzyiqlə, həmçinin Yaxın Şərqdə qeyri-sabitliklə üzləşir.
"Report"un yerli bürosunun məlumatına görə, bunu Avropa Müdafiə Agentliyinin (EDA) illik konfransında Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib.
"Üzləşdiyimiz böhran ötən il ərzində kəskin şəkildə dərinləşib. Gələn ay Rusiyanın Ukraynaya qarşı müharibəsinin dörd ili tamam olur. Biz kiberhücumlara, kritik infrastruktura qarşı sabotaja, xarici müdaxilə və manipulyasiyalara, o cümlədən ərazi təhdidlərinə və siyasi müdaxiləyə qarşı mübarizə aparırıq", - K.Kallas qeyd edib.
Onun sözlərinə görə, sadalananlar göstərir ki, Rusiya uzun müddət Aİ-nin təhlükəsizliyinə ciddi təhdid olaraq qalacaq.
"Yaxın Şərq Yəmən, Suriya və Qəzzadakı münaqişələrdən İrandakı etirazlara qədər fasiləsiz böhran ili yaşadı, bu da regiondakı vəziyyətin qeyri-müəyyən qalacağını göstərir", - K.Kallas vurğulayıb.
O bildirib ki, Çin də uzunmüddətli problem olaraq qalır. O, Avropanın iqtisadi modeli üçün risk təşkil edir, Şərqi və Cənubi Çin dənizlərindəki ölkələri təhdid edir və Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyir.
Bundan əlavə, o qeyd edib ki, Avropa yeni reallıqlara uyğunlaşmalıdır: "Avropa artıq Vaşinqtonun əsas ağırlıq mərkəzi deyil, bu da o deməkdir ki, Avropa təhlükəsizliyini təmin etmək səylərində daha fəal olmalıdır".