Qazaxıstan parlamentinin Məclisi bu gün plenar iclasda "Türk Dövlətləri Təşkilatının (TDT) Mülki Müdafiə Mexanizminin yaradılmasına dair Sazişin ratifikasiyası haqqında" qanunu qəbul edib.
"Report"un yerli bürosunun Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, fövqəladə hallar nazirinin müavini general-mayor Kegen Tursınbayev qanun layihəsinin əsas müddəaları barədə məruzə ilə çıxış edib.
O bildirib ki, sənəd fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində səmərəli beynəlxalq qarşılıqlı əlaqə mexanizminin formalaşdırılmasına yönəlib.
K.Tursınbayev vurğulayıb ki, sazişin həyata keçirilməsi fövqəladə hallar zamanı birgə fəaliyyətlərin koordinasiyası, operativliyi və səmərəliliyini artırmağa, həmçinin mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığı gücləndirməyə imkan verəcək.
Saziş təbii fəlakətlərə qarşı mübarizədə, zərər çəkmiş ölkələrə qarşılıqlı yardım göstərilməsində, həmçinin xilasetmə bölmələrinin peşəkar potensialının inkişaf etdirilməsində TDT-yə üzv dövlətlərin səylərini birləşdirmək üçün mülki müdafiə mexanizminin yaradılmasını nəzərdə tutur.
Bununla yanaşı, dəstək zərərçəkmiş dövlətin müraciəti ilə könüllü əsasda göstəriləcək. Yardımın göstərilməsi ilə bağlı qərarlar konsensus əsasında qəbul ediləcək.
Qeyd edək ki, sənəd 2024-cü ilin noyabrında imzalanıb.