Yol hərəkəti qaydalarını nümayişkaranə şəkildə pozanlara qarşı daha sərt cəza tədbirlərinin tətbiqinə ehtiyac var.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, şəhərdə nizam-intizamın artırılması təkcə cərimələrlə deyil, həm də ümumi yol mədəniyyətinin formalaşdırılması ilə mümkün olmalıdır: "Biz həm sürücüləri, həm də piyadaları yol hərəkəti qaydalarına riayət etməyə dəvət edirik. Qaydalar qanunlarla və yol nişanları ilə tənzimlənir. Hər kəs məsuliyyətli davransa, şəhərdə intizam daha da yüksələr. Son illər Bakıda nizam-intizam yaxşılaşsa da, cəmiyyətə qarşı etinasız davranaraq qaydaları qəsdən pozanlar hələ də qalmaqdadır və ən böyük təhlükə də məhz bu kateqoriyadan qaynaqlanır".
O, xüsusilə səkilərin avtomobillər tərəfindən zəbt olunmasını ciddi problem kimi qiymətləndirib: "Bəzi sürücülər avtomobili birbaşa səkinin üzərində park edir. Bu, yaşlıların, əlillərin və uşaqlı valideynlərin hərəkətini məhdudlaşdırır, insanları məcburən yolun hərəkət hissəsinə çıxarır ki, bu da qəza riskini artırır".
R. Hümmətov piyadaların da məsuliyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, müəyyən edilmiş keçidlərdən istifadə etməmək ağır yol-nəqliyyat hadisələrinə səbəb olur: "Bəzən 50 metr irəlidə piyada keçidi olduğu halda insanlar yolu qadağan olunmuş yerdən keçir. Bu, təkcə öz həyatlarını deyil, digər hərəkət iştirakçılarını da risk altına salır".
R.Hümmətov hesab edir ki, problemin həlli üçün maarifləndirmə tədbirləri gücləndirilməli, eyni zamanda, qaydaları qəsdən pozanlara qarşı cəza mexanizmləri sərtləşdirilməlidir.