Yazının əvvəli burada...
...Qar yağır. Tərtər-Suqovuşan-Ağdərə yolundayıq. Yolumuz Ağdərə rayonunadır.
Ağdərə deyəndə istər-istəməz adamın dilindən həm də bir ah qopur. 1992-ci ilin 4 iyul tarixində rayon və ətraf kəndləri erməni silahlı birləşmələrinin işğalından azad edilsə də, təəssüf ki, cəbhədə əldə edilən bu cür mühüm qələbəni qoruyub saxlamaq mümkün olmamışdı.
Amma o təəssüfün, o ahın ardınca həm də 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri ilə əldə etdiyimiz böyük Zəfər yada düşür. İndi Qarabağa səfərimizin dördüncü günündə növbəti dayanacağımız məhz həmin Ağdərə rayonudur.
8 avqust 1930-cu ildə yaradılan Ağdərə rayonu Azərbaycan müstəqillik əldə etdikdən sonra ləğv edilmiş, ərazisi qonşu rayonlar arasında bölüşdürülmüşdü.
Rayonun mərkəzi sayılan Ağdərə şəhəri Qarabağdakı bir çox ərazilər kimi müharibənin başlanğıcında erməni hərbçilərinin nəzarəti altına keçmiş və 30 illik işğal dövründə əsas yaşayış məntəqələrindən biri olub.
Ordumuzun 2023-cü ilin 20 sentyabrda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənən Ağdərə həmin ilin 5 dekabrında yenidən müstəqil rayon statusu almışdı.
"Buradan çıxanda 14 yaşım vardı, indi ailəmlə, iki oğlumla qayıtmışam" – Ağdərədən REPORTAJ
Rayon ərazisində zəngin daş kömür, əhəngdaşı, qızıl və mis yataqları, qurğuşun, sink yataqları mövcuddur. Məhz həmin yataqların uyuduğu dağ dolambaclarını aşa-aşa yavaş-yavaş Aşağı Oratağ kəndinə çatırıq.
Elə bu yaxınlarda yenicə doğma sakinlərinə qucaq açan kənddə canlanma hiss olunur. Yol boyunca evlərin bacasından çıxan tüstü, küçə-küçə, məhəllə-məhəllə toplaşan adamlar artıq kəndə həyatın qayıtmasının ən yaxşı nişanələridir.
Biz kəndə çatar-çatmaz qar şiddətini daha da artırır, ətraf bəmbəyaz örpəyə bürünüb. Bu da bir həyatın gərdişidir, əslində: Ağdərəyə kənd-kənd həyat qayıtdıqca ana təbiət də yurdun əsl sakinlərini təmizliyin, paklığın və yeniliyin rəmzi ilə qarşılayır.
"Təbiət də Ağdərə üçün sevinir..."
Səfərimizdən cəmisi bir neçə gün öncə Aşağı Oratağla yanaşı, rayonun Çapar, Çıldıran və Heyvalı kəndlərinə ilk köç olmuş və sakinlərin dövlət başçısı ilə görüşü baş tutmuşdu.
Qonağı olduğumuz Hümbətovlar ailəsi də Ağdərənin ilk sakinlərindəndir. Ailə Beyləqanın Bolsulu kəndində köçkün həyatlarını başa vurub, yenidən doğma torpaqlara qayıtmağın sevincini yaşayır.
Ailə başçısı Teymur Hümbətov ata-baba yurdlarına qayıtdıqları üçün özünü çox xoşbəxt hiss etdiyini deyir:
"Dörd gündür, yenidən ata-baba yurdundayıq. Mən Ağdərədən çıxanda 14 yaşım vardı, bizim kənd buradan bir az aşağıda yerləşirdi, adı Orta Güney kəndi idi. İndi ailəmlə, iki oğlumla yenidən buradayıq, çox şükür".
Beyləqandakı şirkətlərin birində oğlu ilə birlikdə işlədiyini deyən Teymur bəy tezliklə Ağdərədə bütün infrastrukturun qurulacağını, burada işlə təmin olunacaqları günü gözlədiklərini deyir:
"Müraciət etmişəm, söz veriblər ki, təmin edəcəklər. İşimiz də evimiz kimi elə burada olandan sonra, bizdən xoşbəxti olmaz".
Beş otaqlı evlə təmin olunduqlarını deyən evin xanımı Zeynəb Hümbətova isə doğma yurd-yuvalarından qaçqın düşdükləri günü xatırlayır.
"Bizim evimiz kənddən bir az qıraqda idi, bir də gördük ki, evimizi mühasirəyə alıblar. Onda mənim 12 yaşım vardı. Gecə ikən kənd camaatının köməyi ilə başqa tərəfdən çıxıb qaça bildik. Kəndimizi mühasirəyə almaq, xocalılar kimi bizi də qırmaq istəyirdilər".
Zeynəb xanım ailələrinin Birinci Qarabağ döyüşlərində üç şəhid verdiyini deyir:
"İki bacımın yoldaşı şəhid oldu, birinin oğlu isə itkin düşüb, hələ də bilinmir haradadır...
Bacımın yoldaşı dərə-təpə yollarını yaxşı tanıyırdı, onun köməyi ilə birtəhər kənddən çıxdıq. Bacım hələ də travmalıdır. O gecəni heç cür yadından çıxara bilmir. Qismətdən indi də evimiz kəndin ən ucqar, ən qıraq yerindədir, amma qətiyyən qorxumuz yoxdur".
Zeynəb xanım oğlunun antiterror əməliyyatlarında iştirak etdiyini, indi məhz onların qəhrəmanlıqları ilə azad olunan torpaqlarda yaşamaqdan qürur duyduğunu da bildirir.
Beləcə bu qürur notları üzərində Hümbətovlar ailəsinin isti ocaqlarında isti çaylarından içib yavaş-yavaş sağollaşırıq.
Qar getdikcə şiddətini daha da artırır. Uzandıqca uzanan, ağardıqca ağaran dağ yollarına baxa-baxa növbəti dayancağımız haqqında götür qoy edirdim ki, bizi müşayiət edən nümayəndələrin birindən telefonuma mesaj gəlir.
– Sabah Xocalıdayıq.
Yazının davamı olacaq...







