"Uşaq hüquqları haqqında" yeni qanun layihəsi uşaq hüquqları sahəsində sistemli, mexanizm əsaslı və icraedici normativ hüquqi baza yaradacaq.
"Report" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova komitənin bugünkü iclasında "Uşaq hüquqları haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, "Uşaq hüquqları haqqında" qanun 28 il bundan əvvəl qəbul edilib:
"Ötən müddətdə uşaq hüquqlarına dair qanunvericilik bazasına əlavə və dəyişikliklər edilsə də, daha uşaqyönümlü, real icra mexanizminə və nəticə əsaslı normativ-hüquqi akta ehtiyac var idi. Yeni qanun layihəsində uşaq hüquqları deklarativ xarakter daşımır, eyni zamanda, uşaqların real müdafiəsini və icrasını təmin edir. Bu sənəd beynəlxalq hüquqi öhdəliklərə tam uyğundur, uşaq hüquqları sahəsində sistemli, mexanizm əsaslı və icraedici normativ hüquqi baza yaradacaq".