2030-cu ilədək Bakıətrafı ərazilərdə əlavə 25 dayanacaq və dəmir yolu stansiya istifadəyə veriləcək.
"Report" xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın icrasına həsr olunmuş dəyirmi masada deyib.
Onun sözlərinə görə, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturu təkmilləşdirilir: "2026–2027-ci illərdə Yeni Suraxanı–Hövsan, 2026–2028-ci illərdə Bakıxanov–Binə–Qala, 2028–2030-cu illərdə isə Zabrat–Maştağa–Bağlar dəmir yolu xətlərinin bərpası, eləcə də bu xətlər boyunca mövcud stansiyaların bərpası və yeni stansiyaların inşası nəzərdə tutulur. 2025-ci ildə adıçəkilən dəmiryol xətləri üzrə yol infrastrukturunun təhlili aparılıb, layihələndirmə işlərinə başlanılıb".
A. Rzayev bildirib ki, layihələndirmə işlərinin bəziləri tamamlanıb: "Bərpa olunacaq xətlər boyunca stansiya və dayanacaqlar üzrə optimallaşdırma işləri həyata keçirilib, stansiyaların yerləri müəyyən olunub. Zabrat–Maştağa–Bağlar xəttində Maştağa və Bağlar stansiyaları daxil olmaqla 7, Bakıxanov–Binə–Qala xəttində Binə və Qala stansiyaları daxil olmaqla 7, Yeni Suraxanı–Hövsan xəttində isə ümumilikdə 4 stansiyanın inşası və ya bərpası planlaşdırılır".
Onun sözlərinə görə, bu stansiyalardan 3-ü Hövsan ərazisində yerləşəcək: "Həmçinin Baş Keşlə və Nərimanov stansiyalarına dayanacaq verilməsi, Kürdəxanı, Fatmayı, Saray və Binəqədi dayanacaqlarının yaradılması planlaşdırılır. Dərnəgül dayanacağının tikintisi davam etdirilir".