IMG-LOGO

O məşhur mahnı necə yarandı? – Güllələnmiş məhbusun son pıçıltıları

25.01.2024 16:11 103 baxış
IMG

Sevilərək dinlənilən, sərhəd tanımadan türk dünyasında yayılan “Aldırma gönül, aldırma” türküsünün maraqlı yaranma tarixçəsi var. Bu yanıqlı mahnının sözlərini müəllif həbsdə olanda yazıb.

Lent.az mahnının yaranma tarixçəsindən bəhs edir. 

Türkiyəli yazıçı və şair Sabahattin Ali (Azərbaycanlı oxucular onu “Xəz paltolu Madonna”, “Kuyucaklı Yusuf”, “İçimizdəki şeytan” kimi əsərləri ilə tanıyırlar) 1947-ci ildə kommunist düşüncələrinə, siyasi baxışlarına görə Qara dənizin sahilində yerləşən Sinop qalasında həbsdə yatırdı. Şair həbsxana divarlarını yuyan dənizin dalğalarının səsini eşidir, qoxusunu alır, amma görə bilmirdi. Ona görə də qaldığı hücrənin kiçik nəfəsliyindən göy üzünü seyr edə-edə oxuyurdu:   Görmesen bile denizi Yukarıya çevir gözü Deniz gibidir gök yüzü Aldırma gönül aldırma

Başın öne eğilmesin  Aldırma gönül aldırma  Ağladığın duyulmasın  Aldırma gönül aldırma

Dışarıda deli dalgalar Gelip duvarları yalar Seni bu sesler oyalar Aldırma gönül aldırma

Sabahattin Ali iki dəfə həbsdə olub. “Aldırma gönül” desə də ruhu azadlığa can atan şair həbsdən qaçır, Kırklareli diyarından Bolqarıstana keçmək istərkən sərhəddə güllələnir və 41 yaşında həyata vida edir.

Şair özü həbsdə olsa da, şeiri onun sağlığında azadlığa çıxa bilmişdi. Kommunist gənclər bu şeiri müxtəlif melodiyalarla azadlıq manifesti kimi oxuyurdular.

Şairin ölümü ilə “Aldırma gönül” bir başqa məna daşımağa başlamışdı.1950-ci illərin sonunda gənc türküçü Edip Akbayram bu sözlərə musiqi bəstələyir, “Aldırma gönül” dildən-dilə yayılır. Nakam şairin yanıqlı şeiri siyasətin qurbanı olmuş bir ziyalının adını xalqın könlünə həkk edir.

Özü mavi göylərə, dənizlərə, sadəcə insan kimi azad yaşamağa doymadan ölsə də, həsrət  qoxuyan mahnısı 70 ildən çoxdur  sevilir, eldən-elə qanad çırpır.

 

Xəbər lenti