İsrailin əsas təbii şirin su anbarı olan Kineret gölündə suyun səviyyəsi rekord istilər fonunda "qırmızı xətt" adlandırılan səviyyəyə qədər enib.
"Report" "Walla"ya istinadən xəbər verir ki, su hövzəsinin səthi dünya okeanı səviyyəsindən 213 metr aşağıya çatıb ki, bu da həyəcanverici siqnal hesab olunur.
İsrailin Su Ehtiyatları İdarəsinin məlumatına görə, bu həddə çatdıqda gölün ekoloji balansı pozulur və suyun keyfiyyəti pisləşir. Növbəti kritik hədd 214,8 metrdir, bundan sonra suyun götürülməsi qadağan edilir.
Qeyd edək ki, avqustun 2-də Kineret sahilində havanın temperaturu 45°C-yə çatıb. Son həftələrdə suyun səviyyəsi hər gün enir, bu səbəbdən xilasedici qüllələr yeni sahil xəttinə daha yaxın köçürülməli olub.
Yerli hakimiyyət nümayəndələri bildiriblər ki, qarşıdan gələn yağışlı qış 2018-ci il quraqlığından sonra olduğu kimi suyun səviyyəsinin bərpasına kömək edəcək.
Mənbə: report.az