Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Petra Bayr ilə görüşüb.
"Report" Emənistan KİV-nə istinadən xəbər verir ki, tərəflər xüsusilə Ermənistan və Azərbaycan arasında sülhün nizamlanması prosesindəki irəliləyişi müzakirə ediblər.
Regional gündəmin müzakirəsi zamanı Mirzoyan 8 avqust 2025-ci il tarixli Vaşinqton razılaşmaları çərçivəsində Bakı ilə İrəvan arasında əldə olunmuş sülhün möhkəmləndirilməsi və institusionallaşdırılması istiqamətində həyata keçirilmiş və hazırda davam edən addımlar barədə məlumat verib. Tərəflər həmçinin humanitar məsələlərə də toxunublar.
Mirzoyan Avropa Şurası ilə əməkdaşlığın vacibliyini də qeyd edib və Ermənistanda islahatların həyata keçirilməsinin davam edəcəyini bildirib. Həmsöhbətlər parlamentlər arasında qarşılıqlı əlaqələrin əhəmiyyətini də vurğulayıblar.