Bolqarçayda Biləsuvar rayonuna daxil olan sel sularının maneəsiz və fəsad vermədən axıdılması üçün məcratəmizləmə işləri görülüb.
Bu barədə "Report"un Muğan bürosuna Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Biləsuvar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən məlumat verilib.
Çayda 18,7 kilometr uzunluğunda məcratəmizləmə işləri aparılıb. Eləcə də çayın məcrasında sağ və sol sahili istiqamətində genişləndirmə işləri həyata keçirilib. Məqsəd yaz aylarında qısamüddətli sel zamanı çayın yaxınlığındakı əkin sahələri və yaşayış məntəqələrinə dəyəcək ziyanın qarşısını almaqdır.
Qeyd edək ki, Bolqarçay Biləsuvar rayonunda 1 000 hektara yaxın əkilən torpaq sahələrini suvarma suyu ilə təmin edir.