Hamburqda keçirilən Şimal Dənizi Zirvə Görüşündə Almaniya və Danimarka Baltik dənizindəki Bornholm adasında enerji mərkəzinin yaradılması və birgə idarə olunması barədə saziş imzalayıblar.
"Report" xəbər verir ki, bu barədə DPA xəbər agentliyi məlumat yayıb.
Danışıqlarda Almaniyanın iqtisadi işlər və energetika naziri Ketrin Reyx və Danimarkanın iqlim, energetika və kommunal xidmətlər naziri Lars Aqaard iştirak ediblər.
Bornholm, Baltik dənizindəki dəniz külək elektrik stansiyaları tərəfindən istehsal edilən elektrik enerjisini Almaniya və Danimarkanın elektrik şəbəkələrinə ötürmək üçün nəzərdə tutulmuş enerji mərkəzinə ev sahibliyi etməyi planlaşdırır. Tərəflər zəruri infrastrukturun tikintisi və saxlanılması xərclərini bölüşmək barədə razılığa gəliblər.
Bundan əlavə, DPA-nın qeyd etdiyi kimi, Belçika, Danimarka, Fransa, İrlandiya, İslandiya, Lüksemburq, Niderland, Norveç və Birləşmiş Krallığın enerji nazirləri sammitdə bölgədə külək enerjisinin inkişafına yönəlmiş ayrıca bir müqavilə imzalayıblar. Bu sektora investisiyaların 2030-cu ilə qədər təxminən 9,5 milyard avroya çatacağı gözlənilir.