Yaponiyanın Baş naziri Sanae Takaiçi, Liberal Demokrat Partiyasının (LDP) və Yaponiya Yenilənmə Cəmiyyəti partiyasının hakim koalisiyası qarşıdan gələn aşağı palata seçkilərində yerlərin əksəriyyətini qazana bilməsə, istefa verəcəyinə söz verib.
"Report" xəbər verir ki, bu barədə Yaponiyanın "Kyodo" agentliyi məlumat yayıb.
"Seçicilərin etimadını qazanmaq istəyirəm. Əgər LDP və Yaponiya Yenilənmə Cəmiyyəti səs çoxluğu qazanmasa, baş nazir vəzifəsindən istefa verəcəyəm", - deyə o, Tokioda seçicilərə müraciətində bildirib.
Qeyd edək ki, Yaponiyada 8 fevralda keçirilməsi planlaşdırılan əsas parlamentin aşağı palatasına növbədənkənar seçkilərdən əvvəl seçki kampaniyası bu gün başlayıb.
Rəy sorğularına görə, Liberal Demokrat Partiyası ən yüksək populyarlığa malikdir, baxmayaraq ki, onun dəstək səviyyəsi hökumətin təsdiq reytinqindən xeyli geri qalır və bu, əsasən Baş nazirin nüfuzuna əsaslanır.
Məsələn, Nikkei sorğusuna görə, respondentlərin 40%-i seçkilərdə LDP-yə səs verməyi planlaşdırır, Takaiçi rəhbərlik etdiyi hökumətin özünün təsdiq reytinqi isə təxminən 65%-dir.